...

Post-münaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqe sülh prosesinə töhfə vermir - Ceyhun Bayramov (FOTO)

Siyasət Materials 27 Aprel 2023 17:44 (UTC +04:00)

Bakı. Trend:

27 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolonanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Katrin Kolona arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Fransa arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasından ötən illərdə iki ölkənin iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, humanitar və s. sahələr üzrə birgə layihələr həyata keçirilməsini xatırlayaraq, ölkələrimiz arasında səmərəli əməkdaşlıq təcrübəsinin davam etdirilməsi üçün imkanların mövcud olduğunu qeyd edib. Nazir Ceyhun Bayramov, iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, anlaşılmazlıqların aradan qaldırılması istiqamətində perspektivlərin və imkanların dəyərləndirilməsi üçün qarşılıqlı təmasların, siyasi dialoqun əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib. Nazir Ceyhun Bayramov, mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Fransanın keçmiş münaqişənin həll olunması istiqamətində danışıqlar prosesində iştirakına istinad edən nazir Ceyhun Bayramov, post-münaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqenin sülh prosesinə töhfə vermədiyini diqqətə çatdırıb.

Nazir Katrin Kolona, Azərbaycan və Fransa arasında əlaqələrin, iki ölkənin liderləri arasında siyasi dialoqun tarixindən bəhs edərək, hazırki dövrdə bir sıra məsələlər üzrə yanaşmalarımızın üst-üstə düşməməsinə baxmayaraq, münasibətlərin inkişafı istiqamətində sıx təmasların, siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib. Bölgədə sülh və etimad quruculuğu məsələlərinin öz həllini tapmasının uzun müddət tələb etməsinə baxmayaraq, danışıqlar prosesinə sadiqliyin vacibliyini vurğulayan nazir Katrin Kolona, bu xüsusda, regionda sülhün bərqərar olunması səylərinə, Fransanın da dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti