...

Paşinyan "serialının" SON BÖLÜMÜ - Bakı elan etdi

Siyasət Materials 10 May 2023 13:55 (UTC +04:00)
Paşinyan "serialının" SON BÖLÜMÜ - Bakı elan etdi
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın günü-gündən istər beynəlxalq təşkilatlar, istərsə də qlobal güclər arasında nüfuzu və yeri daha da güclənir. Bunu 44 günlük müharibədən sonrakı proseslər də açıq şəkildə nümayiş etdirdi. 30 illik işğala öz gücü hesabına son qoyaraq ədaləti bərpa edən Azərbaycan bununla da geosiyasi və geoiqtisadi sferada öz əlini bir xeyli gücləndirməyi bacardı ki, hazırda bu nüans rəsmi Bakının İrəvanla görüşlərində öz şərtlərini diqtə etmək üçün olduqca önəmli amilə çevrilməkdədir.

Artıq istər işğal dövründəki, istər müharibə, istərsə də postkonflikt dövrünün ilk vaxtlarından fərqli olaraq Azərbaycanın haqq səsini dinləyən, mövqeyinə dəstək verən təşkilatlar, dövlətlər çoxluq təşkil edir. Bütün bunları məhz Azərbaycan öz düzgün siyasi strategiyası sayəsində nail olmaqdadır.

Bu gün Prezident İlham Əliyevin Şuşadan xalqa müraciəti zamanı “Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır” fikirlərini xüsusilə qeyd etməsi də deyilənləri növbəti dəfə təsdiqləyir. Bunu dövlət başçısı əməli-praktiki işlərin nəticəsi olaraq qiymətləndirərək beklə bir nəticəyə varırsa, Azərbaycan Prezidentinin bu fikirlərini eyni zamanda beynəlxalq təsisatlar, beyin mərkəzləri də öz yaydıqları hesabtlarında son dönəmlər dəfələrlə təsdiqləyiblər.

Azərbaycanın regional və qlobal layihələri həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi, pandemiyanın zərər-ziyanlarına, İkinci Qarabağ müharibəsi kimi savaşdan çıxmasına, işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, infrastruktur layihələrinə, ərazilərin minalardan təmizlənməsi üçün xərclənən milyonlarla vəsaitə rəğmən, Azərbaycan iqtisadi cəhətdən inkişafından nəyinki qalmır, eyi zamanda bu gün Avrasiyada nəqliyyat mərkzlərindən birinə çevrilməyi, Avropanın əsas qaz ixracatçısı kimi özünə yer etməyi bacarıb. Məhz bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun artmasında, səsinin okeanın ta o tayından duyulmasında, haqlı mövqeyinin dəstəklənməsində önəmlidir.

Qlobal maliyyə böhranı bir sıra böyük ölkələrin iqtisadi inkişafında ciddi maneəyə çevrilsə də, ciddi zərərlər vursa da Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlər nəticəsində ölkə iqtisadiyyatı bütün parametlər üzrə inkişaf etməyi bacardı. Məhz bu amil imkan verir ki, bu gün Azərbaycan Qarabağda bərpa-quruculuq işləri, eyni yolların-tunellərin salınması ilə paralel olaraq digər rayon və şəhərlərdə də infrastruktur layihələrin icrası prosesini tam sürətlə davam etdirsin. Bütün bunlar bir yana, Azərbaycan hazırda ən çox diqqət yetirdiyi sahələrdən biri təbii ki, ordusudur ki, bunun üçün əlimizdə kifayət qədər səbəblər var:

1. Ermənistanla yekun sülh sazişi imzalanmayıb

2. Ermənistan tərəfi hələ də ərazi iddialarından əl çəkmir

3. Azərbaycanın güclü orduya sahib olması regional təhlükəsizliyin qarantının olması deməkdir

4. Bir çox qlobal iqtisadi layihələrin başlandığı və keçdiyi coğrafiyada yerləşən Azərbaycanın təhlükəsizliyi Avrasiya üçün olduqca önəmlidir

Bu qədər təhlükə və təhdidlərə rəğmən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır.

2022-ci ilin iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyenin Bakıya səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumun imzalanması bu yolda atılan növbəti uğurlu addım kimi yadda qaldı. Memorandumda Azərbaycandan Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması nəzərdə tutuldu. Bu məqsədlə tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüblər. Əgər 2021-ci ildə Azərbaycanın Avropaya (burada və bundan sonra Avropa deyəndə biz Avropa İttifaqını nəzərdə tuturuq) qaz ixracatı 8 milyard kubmetr təşkil edirdisə, məqsəd “bir neçə il ərzində” bu rəqəmi 20 milyard kubmetrə çatdırmaqdır. Beləliklə bu, Azərbaycanın qarşısında Avropanın enerji təchizatında iştirakına dair maraqlı perspektivlərin açılması deməkdir.

Məhz bu gün Azərbaycanın iqtisadi potensialı və hərbi qüdrətinin günü-gündən artması rəsmi Bakının beynəlxalq müstəvidə söz sahibinə çevrilməsində, regionda və qitədə əsas aktor kimi rolunun artmasında müstəsna paya sahibdir. Prezident İlham Əliyevin “Beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirmişik” fikirləri bir daha düşünməyə əsas verir ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh paketini artıq beynəlxalq təsisatlar, eləcə də beyin mərkəzləri və qlobal güclərlə də razılaşdırıb. Bu isə o deməkdir ki, indi qalır Ermənistanın saxta şousunun bitməsi...

Manipulyasiyalarla vaxt qazanmaqda davam edəcəyini düşünən rəsmi İrəvan, yeni böyük yanlışlığa yol verir. Nikol Paşinyan və komandası İlham Əliyevin bu bəyanatlarını ciddiyə almayacağı təqdirdə çox böyük zərbə ala bilər. Çünki artıq bütün dünya şahidi olur ki, sülhdə qaçan da, regionda sabitliyə qarşı çıxan da elə Ermənistandır. Onun "sülh göyərçini" təəssüratı yaratmaq cəhdi isə sadəcə tamaşanın sonunun yaxınlaşdığını göstərən kulminasiya səhnəsidir. Pərdə bağlananda isə nə Ermənistan ola bilər, nə də onun "dövlətçilik ənənəsi"...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti