...

Məhəmməd Əl Sammak Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 15 May 2023 18:30 (UTC +04:00)
Məhəmməd Əl Sammak Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

Livan İslam Ruhani Zirvəsinin Baş katibi, Milli İslam-Xristian Dialoq Komitəsinin Baş katibi, Ərəb İslam-Xristian Dialoqu Qrupunun katibi, Lissabondakı Kral Abdullah bin Əbdüləziz Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin üzvü, Nyu-Yorkdakı "Sülh üçün Din" təşkilatının Yaxın Şərq regionu üzrə Baş katibi Məhəmməd Əl Sammak Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Müasir Azərbaycan dövlətinin banisi, atanız Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Zati-alinizə səmimi məhəbbət, hörmət və minnətdarlıq hisslərimi bildirməkdən məmnunluq duyuram. Uca Allahdan atanıza rəhmət, onun yolunu davam etdirərək dost Azərbaycan dövlətinin, xalqının inkişafı və rifahı uğrunda atdığınız addımlarda Sizə müvəffəqiyyətlər diləyirəm.

Cənab Prezident, İslam mədəniyyətimizdə belə bir deyim var ki, elə insanlar var onların istədikləri Allahın istədiyidir. Bu, o deməkdir ki, insanlar üçün yaxşılıq iradəsi Allahın iradəsi ilə eyniləşir. Xeyirxahlığın ən yüksək və ən nəcib ayələri yaxşı idarəçilikdə təcəssüm olunur. Yaxşı idarəçilik iki əsas prinsipə əsaslanır: birinci prinsip Allahın razılığı və məhəbbəti, ikinci prinsip isə insanların etibarı və sədaqətidir.

Azərbaycan xalqına müdrik rəhbərliyi zamanı Allaha iman nuru ilə işıqlanan, xalq tərəfindən sevilən və onu sevən insanlardan biri də Prezident Heydər Əliyev olmuşdur, Allah onun ruhunu şad etsin. O, xalqı azadlıq, suverenlik və firavanlıq yoluna çıxardı.

Azərbaycanın və ümumən Qafqaz regionunun çətin dövründə Prezident Heydər Əliyevin rəhbərliyi asan olmayıb. Ona görə də onun Azərbaycan xalqını və dövlətini nicata, suverenliyə, müstəqilliyə, ardından isə firavanlığa, inkişafa doğru aparması müstəsna nailiyyət idi.

Fransanın keçmiş Prezidenti Jak Şirak siyasəti mümkün olmayanı mümkün etmək sənəti kimi təsvir edib. Bu mənada Prezident Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi zamanı əldə etdiyi uğurlar qeyri-mümkün olanı mümkünə çevirmək sənətinin nümunəsi idi. Bu gün eyni ruhla, eyni iradə ilə, eyni uğurla Siz atanızın yolunu davam etdirirsiniz.

Prezident Heydər Əliyev bir sıra çətinliklərlə üzləşdi və bu çətinliklərin qolunu bir-birinin ardınca bükməyə müvəffəq oldu. Budur, bu gün Siz müdrik, özünə güvənən və xalqının bütün çətinliklərinin öhdəsindən gəlməyə qadir olduğuna inanan rəhbər olaraq yeni çağırışların qarşısında əzəmət və qürurla dayanırsınız. Bu işdə ilk növbədə Allahın rizasına və zəfərinə, eləcə də Azərbaycan xalqının sədaqəti və etibarına arxalanırsınız. Bu çağırışların haradan gəlməsi önəmli deyil. Önəmli olan odur ki, Allahın razılığı və xalqın etibarı üzərinizə yağır. Qeyri-mümkün olanı mümkün, hətta qaçılmaz edən ilahi rizanın və xalq etimadının birləşməsidir.

Beləliklə, Prezident Heydər Əliyev taleyüklü çətinliklərin öhdəsindən gəlmək üçün qəbul etdiyi qərarların ölçüsünə görə böyük olduğu kimi, Siz də, cənab Prezident, hazırda dünyada baş verən dəyişikliklər kontekstində çağırışlarla mübarizə aparmaq üçün verdiyiniz qərarların ölçüsünə görə böyüksünüz. Üstəlik, Allaha inamınız və sədaqətli Azərbaycan xalqına güvəniniz Sizi bu sınaqların öhdəsindən gəlmək üçün möhkəm qala içində qoruyur və qələbənin Tanrıdan gəldiyindən əmin edir.

Heydər Əliyevin anadan olmasının ildönümündə əziz Azərbaycan dövləti və xalqı üçün daha yaxşı gələcəyə yol açmaqda ümidlər təzələnir, inam güclənir.

Cənab Prezident, Allah Sizi qorusun və fəaliyyətinizdə uğurlar nəsib etsin!"

Xəbər lenti

Xəbər lenti