...

Ermənilər atadan oğula keçdilər

Siyasət Analytics 19 May 2023 11:34 (UTC +04:00)
Ermənilər atadan oğula keçdilər
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı yeni təzyiq əməliyyatı başlayıb. Məqsəd onu Azərbaycanla yekun sülh sazişini imzalamaqdan çəkindirmək, hakimiyyətdən kənarlaşdırmaq və ölkədə çevriliş etməkdir

Bu gecə Ermənistanın paytaxtı İrəvanda daha bir etiraz aksiyası keçirilib. Şəhərin Şengavit rayon məhkəməsinin qarşısına toplaşmış təxminən 300 erməni məhkəmə iclasının dayandırılmasını və Qayane Hakopyan-Martirosyanın dərhal azadlığa buraxılmasını tələb ediblər.

Bu qadın Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu 23 yaşlı Aşot Paşinyanı oğurlamaq cəhdində suçlanır.

Oğulları 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olmuş valideynlərdən ibarət "Oğulların Çağırışı" qrupunun üzvü olan Q.Hakopyan da oğlu Jora Martirosyanı müharibədə itirib.

İlkin istintaq materiallarına görə, mayın 17-də Q.Akopyanın idarə etdiyi avtomobil yolda dayanıb və səki ilə yeriyən Aşot Paşinyanı iki nəfər tutaraq maşına oturdublar.

Aşot Paşinyan maşın hərəkətdə olarkən qapını açaraq özünü çölə atıb, xəsarət alıb. Daha sonra o, polisə müraciət edərək oğurlanma cəhdinə məruz qaldığını deyib.

Polis idarəsinə aparılmış Qayane Hakopyan-Martirosyan ona qarşı irəli sürülmüş ittihamların hamısını rədd edib, suçsuz olduğunu deyib, aclıq elan edib.

"Oğulların Çağırışı" qrupunun üzvləri isə rəsmi qurumların yalan məlumatlar yaydıqlarını deyirlər.

"Aşot Paşinyanla küçədə təsadüfən qarşılaşdıq. Ona yaxınlaşdıq, Qayanenin maşınına oturub danışmağı, soqnra da birlikdə "Yerablur" məzarlığına yollanmağı təklif etdik. Aşot etiraz etmədi və könüllü olaraq maşına oturdu. Sonra nədənsə qapını açdı, özünü maşından atdı", - təşkilata üzv olan qadınlar bəyan ediblər.

Bu gecə məhkəmə qarşısında keçirilmiş aksiyada əsas rolu oğulları müharibədə həlak olmuş valideynlər və Ermənistan parlamentinin müxalifətçi deputatları oynayıblar. Onlara Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Ermənistan bürosunun rəhbəri İşxan Saqatelyan rəhbərlik edirdi.

Məhz onun təşəbbüsü ilə 10 erməni deputat Q.Hakopyan-Martirosyanın zaminə verilməsi və azadlığa buraxılması tələbinin yer aldığı müraciə imzalayıblar.

Aşot Paşinyanın oğurlanma cəhdi təsadüfi, spontan və ya oğulları müharibədə həlak olmuş bir neçə erməni ananın emosional aksiyası deyil.

Bunu düşünmək sadəlövhlük olardı, çünki aksiya əvvəlcədən planlaşdırılaraq hazırlanmışdı və məqsəd Aşot Paşinyanın İrəvandakı "Yerablur" məzarlığına apararaq orada ona "üzrxahlıq" etdirmək, olayın videosunu çəkərək sosial şəbəkələrdə paylaşmaqdı.

Aksiya birbaşa olaraq Nikol Paşinyana təzyiq məqsədi daşımalı idi.

İslandiyanın paytaxtı Reykyavikdə, Avropa Şurasının 4-cü sammitində iştirak edən Nikol Paşinyan oğluna qarşı aksiyadan xəbər tutanda iclası dərhal tərk edib, dəhlizə çıxıb, telefonla danışmağa başlayıb.

Oğlunun qaçırılma cəhdinə məruz qaldığını da Nikol Paşinyana telefonla xəbər veriblər.

Bu isə maraqlı məqamlardan xəbər verir. Belə ki, Aşot Paşinyana qarşı "Oğulların Çağırışı"ndan alət qismində istifadə edərək aksiya hazırlayanlar Ermənistanın baş nazirinin həmin gün İrəvanda olmayacağını, ölkəni tərk edəcəyini bilirdilər.

Aksiyanın müəlliflərinin Nikol Paşinyanın yaxın ətrafında adamları var - əks təqdirdə, onlar gərəkli müfəssəl və dəqiq informasiyaları əldə edə bilməzdilər.

Aksiyanın əsas məqsədi isə Nikol Paşinyanı Azərbaycanla yekun sülh sazişini imzalamaqdan, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıması ilə bağlı bəyanatlarını Reykyavikdə təkrarlanmaqdan çəkindirməkdi.

Nikol Paşinyan isə Reykyavikdə oğlunun qaçırılmasına cəhd edilməsi, Aşot Paşinyanın qurtulduğunu öyrənəndən sonra iclasa qayıdıb, orada yenə "Ermənistan Azərbaycanın ərazilərini 86600 kvadrat kilometr sahədə tanıyır" deyib.

Qayane Hakopyan-Martirosyana gəldikdə isə, o, hələ bir müddət Ermənistan müxalifəti tərəfindən az qala Janna d-Ark qismində təqdim ediləcək.

Çünki yaradılmış informasiya küyü və sosial şəbəkələrdəki aqressiv təşviqat prosesin artıq başlandığına dəlalət edir.

Situasiya "oğlunu müharibədə itirmiş ananı Nikol Paşinyanın oğlu məhkəməyə verib: xain baş nazirin oğlu ləyaqətsiz və mənəviyyatsız, müharibədə ölmüş gənclərin xatirəsinə və onların ailə üzvlərinə zərrə qədər sayğı duymayan yaramazdır" narrativi istiqamətində inkişaf etdirilir.

Ermənistanın Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesi yaxın perspektivdə gerçəkləşəcək məsələ olmasa da, rəsmi İrəvanın alternativi yoxdur.

Nikol Paşiyan bəyanatlarında irrasionallıq həddini fasiləsiz artıraraq vəziyyəti əksər hallarda absurd həddinə çatdırsa da, o, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinə bütünlüklə əməl etməməyin Ermənistan üçün necə fəsadlar yarada biləcəyinin fərqindədir.

Danışıqların Vaşinqton formatından sonra aprior olaraq Brüssel platformasına keçid etməsi, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə bu ay keçirilmişq görüşlə danışıqların iyunda davam etdiriləcəyi təbii ki, Ermənistanı təsir dairəsindən buraxmaq istəməyən Rusiya Federasiyasını həddən ziyadə qıcıqlandırır.

Rusiyanın Ermənistandakı təsir elementləri və hakimiyyətlə müxalifət arasındakı siyasi qüvvələr müstəvisindəki dəstələri indi tam intensivliklə işləyirlər.

Paşinyana qarşı başlanmış yeni kampaniyanı Avropa İttifaqı və ABŞ narahatlıqla izləsələr də, prosesə aktiv müdaxilə rıçaqlarına malik olmadıqlarından sadəcə, mass-mediada və sosial şəbəkələrdə əks-təbliğat vasitələrindən bəhrələnmək məcburiyyətində qalıblar.

Ermənistanın baş naziri xarici siyasətdə diletant, diplomatiyada piyada olsa da, siyasi intriqalarda bacarıqlı fiqurdur.

O, oğlu Aşot Paşinyana qarşı həyata keçirilmiş cəhddən də bu aksiyanı planlaşdıraraq hazırlayanlara, habelə ölkə daxilində ona aqressiv və radikal müxalifətdə olanlara qarşı mütləq istifadə edəcək.

İlkin ssenari isə "Ermənistanın inkişafına, sülhün bərqərar olmasına çalışdığım üçün özümlə yanaşı, ailə üzmlərin də real təhlükədədir" olacaq: Paşinyan bu minvalla həm Rusiya, həm jə Qərbdən real dividendlər əldə etməyə çalışacaq.

Mayın 25-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş ərəfəsində Nikol Paşinyan vaxt itirmək istəmir.

Ermənistanda hakimiyyətə qarşı "atalar və oğullar" dilemmasını tətbiq etməyə çalışan qüvvələrə qarşı Nikol Paşinyan "oğula görə atanın qisası" mizantropiyasını reallaşdırmaq fikrindədir.

Proseslər gərgin, maraqlı məcradadır.

Xəbər lenti

Xəbər lenti