Bakı. Trend:
Dünən Moskavada Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü bütün digər görüşlərdən fərqləndirən əsas amil ondan ibarətdir ki, Ermənistan və Rusiya xarici işlər nazirləri öz çıxışlarında ərazi bütövlüyü məsələsi üzərindən keçərək, vurğunu kommunikasiya, demarkasiya və delimitasiya məsələlərinə yönəltdilər.
Bu barədə Trend-ə açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ötən ilin dekabr ayında Moskvada görüşməli idilər. Lakin həmin dövrdə Ermənistan və Rusiya arasında olan fikir ayrılıqları və müəyyən məsələlərlə bağlı Rusiya və Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblər görüşün baş tutmaması ilə nəticələndi. Dünən Moskavada Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü bütün digər görüşlərdən fərqləndirən əsas amil ondan ibarətdir ki, Ermənistan və Rusiya xarici işlər nazirləri öz çıxışlarında ərazi bütövlüyü məsələsi üzərindən keçərək, vurğunu kommunikasiya, demarkasiya və delimitasiya məsələlərinə yönəltdilər. Rusiyanın fikrincə bu məsələlər sülh müqaviləsinin mətnin razılaşmasına qədər həllini tapmalıdır. 2020-ci ildə üçtərəfli bəyənat imzalandıqdan sonra humanitar, kommunikasiya məsələləri müzakirə predmeti idi və bütün bunlardan sonra sülh müqaviləsinin imzalanması planlaşdırılırdı. Lakin Ermənistanın vaxt uzatması, kommunikasiya və nəqliyyat məslələrində qeyri-konstruktiv mövqe ona gətirib çıxardı ki, sülh müqavilsəinin mətninin razılaşdırılması önə keçdi", - deyə o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan üçün prinsipial məsələ ilk növbədə Qarabağdakı çağırışların həllidir.
"Bu çağırışların həlli üçün də iki yol var. Ya Ermənistan Brüssel görüşündə olduğu kimi Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərlə qəbul edir, ya da ki məsələ uzanır, bu isə əlbəttə Azərbaycanın məsələni digər yolla həll etməsidir. Azərbaycana bəllidir ki, kim hansı məsələdə vaxtı uzatmaq istəyir, kim Zəngəzur dəhlizini açmaq istəyir. Bütün maraqlı qüvvələr başa düşməlidir ki, bizim konkret tələblərimiz var. Əgər kimsə vaxt uzatmağı düşünürsə, bu ancaq regionda hərbi əməliyyatlar versiyasını aktuallaşdırır. Ermənistan bundan öncəki görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Ümumilikdə isə, Rusiyada baş tutan görüşlər Moskvanın Ermənistana təsir imkanlarını nəzərə alsaq əhəmiyyətlidir. Cənubi Qafqazdakı proseslərdə Rusiya açar dövlətlərdən biridir", - deyə Z.Məmmədov əlavə edib.