Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh sazişi mərhələsinə keçid bir çox cəhətdən normallaşmanın bütün istiqamətlərində irəliləyişdən asılıdır.
Trend şənbə günü xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Mayın 19-da Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycandan və Ermənistandan olan həmkarları ilə ikitərəfli və üçtərəfli formatlarda danışıqlar aparıb. Bu tədbirlər çərçivəsində sülh sazişi üzrə ayrılıqda Ermənistan-Azərbaycan görüşü də keçirilib. Bu cür müzakirələr üçün platformamızı təqdim etməyimiz Rusiyanın Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə olunmasında yardımının elementlərindən biridir", - M.Qaluzin TASS agentliyinə müsahibəsində deyib.
Rusiya xarici işlər nazirinin müavinin sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına uyğun olaraq işlər görülür və bu fəaliyyət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının təməlini təşkil edir.
"Sülh sazişi ilə yanaşı, bu fəaliyyətə nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin demilitasiyası və ictimai əlaqələrin inkişafı ilə etimadın möhkəmləndirilməsi kimi istiqamətlər daxildir", - deyə M.Qaluzin əlavə edib.