Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu!
Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin ölkəniz bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.
Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcəkdir.
Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm.
Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm.