...

Paşinyan nəyi seçəcək: həbsi, yoxsa ölümü?

Siyasət Analytics 6 İyun 2023 17:07 (UTC +04:00)
Paşinyan nəyi seçəcək: həbsi, yoxsa ölümü?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Yeni geosiyasi reallıqları anlamayan və ən pisi, bu reallıqların mövcudluq şərtləri ilə təsir mexanizmlərini dərk etməyən Ermənistan hakimiyyəti sonu bəlli yolla irəliləyir.

Ermənistanın üzləşdiyi çağırışların və problemlərin həllinin asan olduğunu düşünmək sadəlövhlükdür. Ermənilər əsrlərdən bəri davam edən fasiləsiz təşviqat və tarixi yalanlara əsaslanaraq total saxtakarlıqdan ibarət olan təbliğatın faktiki məhsulu olduqlarından onların şüurlarında kök salan, sümükləşən idefikslər var.

Belə ki, azyaşlıdan tutmuş, ahıl qocayadək ermənilərin tam əksəriyyəti "Böyük Ermənistan"ın varlığına, bir zamanlar ermənilərin dünyanın ən qüdrətli xalqlarından biri olmasına, indisə müvəqqəti çətinliklər dövrü yaşadıqlarına qətiyyən şübhə etmirlər.

Onlar əmindirlər ki, az sonra yenidən fütuhatlara başlayacaqlar, dənizdən dənizə Ermənistanın yaranması və ərsəyə gətirilməsi üçün zəruri addımları atacaqlar, tarixdə ermənilərə layiq yer tutacaqlar və s.

Ermənilərin illüziyalarında ərazinin genişlənməsi mütləq şəkildə qonşu ölkələrin torpaqlarının işğalını, dinc insanların xüsusi amansızlıqla qətlə yetirilməsini, terrorçu və qəsdləri ehtiva edir.

Amma ermənilər özlərini düçar etdikləri kütləvi hipnozdan ayılsalar, ideyaları ilə arzularının heç birinin reallaşmayacağını anlayardılar.

Əfsuslar olsun ki, qəflət yuxusundan ayılan azsaylı erməniləri soydaşları dərhal "jexa", "boşa", "davacan", "turkes" adlandırır, düşmən bilirlər.

Ermənistan daxilində də düşmən axtarışları aktiv davam edir.

Axtarışlar sürəkli olaraq günahkarların müəyyənləşdirilməsi, Ermənistanı qoruyacaq və ya hifz edə biləcək hamilərin seçilməsi, Azərbaycanla yeni müharibəyə başlayaraq Kür çayına qədər olan bütün ərazilərin işğal edilməsi və s. kimi idiotizmlə müşayiət olunur.

Ermənilərin kütləvi illüziyaları mənhus kollektiv şüur üzərində köklənmiş yalanlar toplusundan ibarət olduğundan onların inkişafı, dövlətlərinin normal tərəqqisi, cəmiyyətinsə ağrılı fantom bəlalardan qurtulmasının yolu müxtəlif siyasi, mədəni, etnik, kulturoloji, tarixi miflərdən qurtulmaqdan keçir.

Ermənistanın baş naziri Nikol Paşinyan bunu dərk edir. Erməni mediası və sosial şəbəkələrin erməni seqmenti Paşinyanı vecsiz, tam bacarıqsız, debil biri kimi qələmə verməyə çalışsa da, belə deyil.

Debil siyasətçi və bacarıqsız baş nazir müharibədə ordusu darmadağın edilən, özü kapitulyasiya anlaşması imzalayan dövlətdə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verərək qalib gələ bilməzdi.

Diletant siyasi fiqur 2020-ci ilin noyabrında 44 günlük İkinci Qarabağ Müharibəsidə çox böyük itkilər vermiş xalqı bu tələfatın qaçılmazlığına inandıraraq yenidən tərəfdarlarının rəğbətini qazana bilməzdi.

Heç nə bacarmayan adam son üç ildə bütün xarici təzyiqlərə və daxili təbəddülata rəğmən hakimiyyətin qoruyub saxlamaqla yanaşı, Ermənistanın hakimiyyət isteblişmentini yenidən formalaşdıraraq ona qarşı çıxan şəxslərin istisnasız olaraq hamısını ən müxtəlif yollarla gücdən sala bilməzdi.

Söz yox, Nikol Paşinyanın siyasət, diplomatiya, diplomatik etiket, siyasi planlaşdırma, geosiyasi proqnozlaşdırma və s.-dən xəbəri yoxdur. O, siyasətdə piyadadır, luzerdir. Bununla belə, Ermənistanın daxili siyasətinə məharətlə nəzarət edir, təhlükəli məcraya yönələn proseslərin qarşısını ala bilir.

Nikol Paşinyanın hakimiyyət modelinin əsasını strateji qələbə üçün taktiki məğlubiyyətlərdən çəkinməmək tutur. Məsələn, o, qarşısına qoyduğu məqsədə çatmaq üçün həmin istiqamətdə kiçik məğlubiyyətlərə və uğursuzluqlara könüllü gedir, sonra daha böyük hədəfi əldə edəndə bəhs etdiyimiz uğursuzluğu qəbul etmədiyi, bunun Ermənistanın maraqlarına və ermənilərin mənafeyinə cavab vermədiyini bəyan edir.

Ermənilərin də böyük qismi türklərin və azərbaycanlıların qarşısında geri çəkilməyən Paşinyanın qətiyyətini könülsüz də olsa, etiraf edirlər. Beləcə, Paşinyan əslində məğlub olduğu məsələdə özünü cəmiyyətə qalib qismində sırımağa nail olur.

Alman siyasətsilərdən birinin dəqiq ifadəsi var: çox pis maşın olan “Trabant” sabiq Almaniya Demokratik Respublikasının sakinləri üçün əla avtomobil idisə, son illərdə fasiləsiz məğlubiyyətlərə və geriləmələrə məruz qalaraq bütün ümidləri puç olan, ideolgiyasının sütunları yıxılan ermənilər üçün Paşinyan faktiki rəhbərdir.

Ermənilərin əksəri onu yarıtmaz adam, zəif siyasətçi və xəyanətkar sayır, lakin elə həmin ermənilər sabiq prezidentlər Serj Sarqsyanla Robert Köçəryanın hakimiyyətə dönüşlərinə imkan verməyəcəklərini, sadalanan cinayətkarlarla müqayisədə Paşinyanın daha yaxşı olduğunu deyirlər.

Yəni ermənilər faktiki olaraq ən pislər arasından nisbətən pisi seçdiklərini deyərək pərişanlıqlarına və depressiyalarına çarə axtmarmağa cəhd edirlər.

Məhz bu səbəbdən Nikol Paşinyanın qarşısında iki yol var: yollardan biri onu siyasi ölümə, digəri isə mənəvi həbs əaparır.

Mənəvi həbs olan istiqamət Paşinyanın yekun sülh sazişini imzalayaraq ermənilərin marazmatik istəklərini və revanşist duyğularını gömərək Ermənistanın son 82 ildəki yolunun tam yanlış olduğunu ucadan demək, bununla da bədbəxt və zavallı erməniləri yanlışlıqdan çəkindirərək əzablı, amma dürüst istiqamətə yönəltməkdir.

Belədə Paşinyanı revaşist kütlə dəstəkləyəcək, amma Qarabağda antiterror əməliyyatı qaçılmaz olacaq və İrəvan ikinci, bu dəfə dəfələrlə ağrılı, fəlakətli kapitulyasiya ilə üzləşəcək.

Siyasi ölümsə Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesində bundan sonra da süni maneələrlə absurd əngəllərin yaradılmasına davam etmək, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına başlanmasının qarşısını almaq üçün aqressiv ritorikanı daha da gücləndirməkdir.

Paşinyanın siyasi və hətta fiziki mövcudluğu Bakı ilə münasibətlərdən asılıdır: münasibətlər nə qədər pis olarsa, rəsmi İrəvanın mövqeləri o qədər zəifləyəcək, Ermənistan hakimiyyətinin dayaqları laxlayacaq. Bəhs etdiyimiz problemləri yaşadarsa, ermənilər Paşinyanı yaşatmayacaqlar.

Əksinə, Azərbaycanla yekun sülh sazişinin imzalanması Nikol Paşinyanın xilasına və nicatına çevriləcək: kommunikasiyaların bərpası, yolların açılması, ticari əlaqələr səfil orta statistik erməni üçün revanşizmin gerçək alternativinə dönəcək.

Həbs, yoxsa ölüm?

Seçim Paşinyanındır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti