...

Zəngəzur dəhlizinin açılması qaçılmazdır (TƏHLİL)

Siyasət Materials 19 İyun 2023 10:22 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması qaçılmazdır (TƏHLİL)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsində tarixi qələbədən sonra Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpası prosesinə start verdi. Artıq Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı layihələr icra olunur. Regionun əsas strateji üstünlüklərində birincisi onun tranzit marşurutlarının üzrəində yerləşməsidir. Azərbaycanın israrla açılmasını təklif etdiyi Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq.

Ermənistan uzun müddətdir ki, bu prosesi yuvatmağa çalışır. Baxmayaraq ki, Ermənistan 10 Noyabr bəyanatını imzalamaqla bu öhdəliyi üzərinə götürüb.

Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq.

O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək.

“Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla da Bakı-Tbilis-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış əldə etmək olacaq. Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi davam edir, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolu çəkiləcək. Dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq”, - deyə Abdulkadir Uraloğlu bildirib.

Zəngəzur dəhlizinin əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq:

Nəinki Cənubi Qafqaz, bütövlükdə türk dünyası üçün ən vacib layihələrdən biri məhz Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir, xüsusən də Azərbaycan və Ermənistan arasında dəmiryolu komunikasiyasının bərpası ilə bağlı ümumi razılığın əldə edilməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması imkanları kifayət qədər yüksəkdir”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bela hesab edir ki, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq.

"Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlarından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir. Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycan ərazisindən Böyük İpək Yolunun şaxələnməsi mümkün olacaq.

Birinci mərhələ yenə də Azərbaycan Prezidetinin təşəbbüsü ilə Bakı-Tiblisi-Qars dəmiryolunun açılması idi, ikinci mərhələ isə Zəngəzur dəhlizindən keçərək oradan Naxçıvana, oradan Qarsa, Qars üzərindən Türkiyəyə və Avropaya şərqdən gələn malları çatdıracaq. Eyni zamanda, bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaqdır. Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək”, - deyə M.Quliyev əlavə edib.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov isə vurğulayır ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını sürətləndirəcək.

"Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir. Bununla əlaqədar olaraq, son zamanlarda müzakirə olunan regiondakı bütün nəqliyyat dəhlizlərinin açılmasının strateji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Düşünürük ki, Zəngəzur dəhlizinin açılması "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını sürətləndirəcək", - H.Həsənov deyib.

Son dövrlər sülh danışıqlarında müəyyən irəliləyişin əldə olunması da Zəngəzur dəhlizi məsələsinin reallaşmasını yaxınlaşdırır. Lakin bu dəhlizin açılmasından narahat olan qüvvələr də var. Eyni zamanda Zəngəzur dəhlizi Türk dünyasının birləşməsində əhəmiyyətli rola malikdir. Ermənistanla aparılan son danışıqlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıqlar və bu layihənin reallaşmasında müəyyən irəliləyişlər əldə olunub. İran birmənalı Zəngəzur dəhlizinin açılmasının əleyhinədir və hər bir vasitə ilə buna mane olmağa çalışır. Digər tərəfdən Fransa da bu məsələdə maraqlı deyil, hətta Ermənistana silahla kömək edəcəyini vəd edir. Bu da Ermənistandakı revanşist qüvvələri "ruhlandırır". Son günlər Ermənistan tərəfindən təxribatların artması da bunun nəticələrindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti