Bakı. Trend:
Bir neçə gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsinin iyirmi ili tamam olur. Azərbaycan Lideri ötən müddətdə bəlkə də yüz illərə sığmayan möhtəşəm işlər görüb, Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlər göstərib. Dövlətimizin başçısı Azərbaycanı dünyanın nüfuzlu ölkələri sırasına çıxarıb, iqtisadiyyatımızı gücləndirib, Ordumuzu qüdrətləndirib, Azərbaycanı beynəlxalq arenada əvəzedilməz və etibarlı tərəfdaş kimi tanıdıb. Ən əsası, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqımıza Qarabağ Zəfərini qazandırıb. Bu gün hər bir Azərbaycan vətəndaşı, bütün dünya azərbaycanlıları Prezident İlham Əliyevi yenilməz Lider kimi sonsuz məhəbbətlə sevir, ona tükənməz hörmət və ehtiram bəsləyirlər. Prezidentimiz bu uca məqamı, misilsiz xalq rəğbətini yorulmaz fəaliyyəti, gərgin əməyi, ölkəsinə və xalqına şərəfli xidməti ilə qazanıb.
Azərbaycan Prezidentinin fəaliyyətində, heç şübhəsiz, Qarabağ Zəfəri ən uca zirvədə yer tutur. Çünki dövlətimizin başçısı Vətən müharibəsindəki şanlı Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazıb, Azərbaycan dövlətinin gücünü və qüdrətini dünyaya bir daha göstərib. Prezident İlham Əliyev Qarabağın hər yerində Azərbaycan bayraqlarını ucaldıb, tarixi ədaləti bərpa edib, sınmış qürurumuzu özümüzə qaytarıb. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra ötən üç il ərzində ölkəmizdə aparılan siyasət nəticəsində biz bu gün fəxrlə və qürur hissi ilə deyirik.
Sərhədlərimiz, suverenliyimiz və ərazi bütövlüyümüz indi tamdır.
Heç şübhəsiz ki, dövlətimizin başçısı bu müstəsna xidmətləri ilə Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Belə bir xoşbəxtlik çox az liderə nəsib olur.
Prezident İlham Əliyev Azərbaycanı əsrimizin qalib ölkəsinə çevirib.
Son 20 ildə dünya tarixində belə bir möhtəşəm uğur, misilsiz qələbə qazanan, düşməninə unudulmayacaq dərs verən ikinci bir ölkə tapmaq mümkün deyil. Azərbaycan bu baxımdan dünyada təkdir, yeganə qəhrəmanlıq, əzmkarlıq, qətiyyət nümunəsidir. İndi Azərbaycan Bayrağı dünyanın ən uca bayrağıdır, çünki bu müqəddəs bayraq 30 il həsrətini çəkdiyimiz tarixi torpaqlarımızda – Qarabağda qürurla dalğalanır. Şuşada ucalan bayraq dünyanın hər yerindən görünür.
Bu bir reallıqdır ki, son bir neçə əsrdə Azərbaycan tarixində İlham Əliyev kimi Sərkərdə, Müzəffər Komandan olmayıb. Prezident İlham Əliyev bu baxımdan bənzərsiz rəhbər, əvəzsiz dövlət başçısı, layiqli davamçı, ata vəsiyyətini yerinə yetirməyi bacaran xoşbəxt övladdır. Dövlətimizin başçısı Şuşanı azad etməklə, Qarabağı qaytarmaqla, erməni terrorunu və işğalını torpaqlarımızdan tamamilə silib atmaqla hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq abidəsi ucaldıb.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqı üçün çalışıb, Azərbaycan dövlətinin mənafeyi, milli maraqları üçün gecəsini gündüzünə qatıb, verdiyi bütün vədlərə əməl edib, xalqının etimadını artıqlaması ilə doğruldub. Qurucu, yaradıcı şəxsiyyət olan dövlətimizin başçısı Azərbaycanı demək olar yenidən qurub, tamamilə müasir dövlət yaradıb, ölkəmizi inkişaf etdirib, şəhərlərimizin, kəndlərimizin simasını dəyişib. Eyni zamanda, Azərbaycan bölgədə söz və güc sahibinə çevrilib. Azərbaycan Prezidenti ölkəsini 20 il ərzində elə bir zirvəyə qaldırıb ki, dünyanın harasından baxsan, hansı qüdrətli ölkə ilə müqayisə etsən, bu uğurlara heyrətlənməmək mümkün deyil. İndi Azərbaycanın səsi dünyanın dörd bir yanından eşidilir, ölkəmizin sorağı mötəbər tribunalardan, nüfuzlu təşkilatlardan gəlir. Dünyanın superdövlətləri, dünya gücləri Azərbaycanla hesablaşır, Prezident İlham Əliyevə xüsusi hörmət və ehtiramla yanaşır. Çünki Prezident İlham Əliyev sözü ilə əməli üst-üstə düşən çox nadir dövlət başçılarındandır.
Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təminatçısına çevirib.
Bir vaxtlar elektrik enerjisinə həsrət qalan ölkənin işığı indi uzaq Avropada yanır. Dünyanın ən nəhəng enerji, nəqliyyat layihələrindən bir neçəsinin müəllifi və icraçısı Azərbaycandır. Dövlətimizin başçısı ötən illər ərzində təbii sərvətlərimizi Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqımızın layiqli rifahına yönəldə bilib.
Azərbaycan əksər göstəricilərinə görə dünyada liderdir. Sürətli iqtisadi inkişaf, yeni dövrün tələbləri ilə uzlaşan kadr islahatları, müasir təfəkkürə malik və milli dəyərlərə bağlı olan gənc kadrlara etimad, sahibkarlığın, kənd təsərrüfatının, biznes mühitinin şaxələndirilməsi – bütün bunlar Prezident İlham Əliyevin siyasətinin əsas prioritetlərindəndir.
Tarixdə öz ölkəsinə, öz xalqına şərəflə xidmət edən çox liderlər olub. Amma Azərbaycan Lideri İlham Əliyev bu baxımdan xüsusilə fərqli özəlliklərə, ayrıca üstünlüklərə malikdir. Ən başlıcası, hakimiyyətə gəldiyi ilk günlərdən indiyə kimi Onun siyasətinin mərkəzində yalnız və yalnız Azərbaycan vətəndaşlarının mənafeyi dayanıb. İlham Əliyev həqiqətən də hər bir Azərbaycan vətəndaşının prezidentidir. Vətəndaş dara, çətin vəziyyətə düşdükdə öz Prezidentini həmişə yanında görüb, dövlətinin qayğısını hiss edib. Azərbaycan xalqı öz Prezidentinə qopmaz tellərlə bağlıdır. Xalq liderini səmimi-qəlbdən sevir. Bu qarşılıqlı sevgi əbədidir. Azərbaycan qədər əbədi.
Sahil Kərimli, siyasi şərhçi