Bakı. Ternd:
Cənubi Qafqazda sülhlə stabiliyyin bərqərar olunmasında maraqlı olduğunu bəyan edən təşkilatlarla dövlətlər əslində bu prosesə çox ağır zərbələr vurur, aşkar ermənipərəstlikləri ilə vəziyyəti daha da ağırlaşdırırlar.
Hollandiya parlamentində keçirilən son müzakirənin nəticəsində qəbul edilmiş qərar bu ölkənin ali qanunverici strukturunun tarixində bəlkə ən absurd, qərəzli və saxtakar sənəd sayıla bilər.
Belə ki, parlamentdə keçirilmiş səsvermə zamanı sənədin qəbuluna səs vermiş deputatlar "Azərbaycana qarşı cəza sanksiyalarının tətbiqini, Ermənistana təcili və genişmiqyaslı hərbi yardımların göstərilməsini, habelə Dağlıq Qarabağda ermənilərin etnik təmizləmələrə məruz qalmasının qətiyyətlə pislənməsini" tələb edirlər.
Hollandiyalı parlamentarlar həmçinin, Avropa İttifaqının digər ölkələrini də Ermənistana təcili hərbi yardımlar göstərməyə çağırıblar.
Avropa İttifaqının Nazirlər Komitəsində isə Aİ yetkilisi çıxış edərək "qarabağlı ermənilərin tam müdafiəsini, Ermənistana təcili yardımlar göstərilməsini və qarabağlı ermənilərin hüquqları ilə təhlükəsizliyinin tam təminatına nail olmağı" ən ümdə məsələlərdən biri saydığını bəyan edib.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelin ssenarisi, daha dəqiq olsaq, birbaşa göstərişi ilə reallaşdırılmış bu şounun məqsədi Azərbaycana növbəti təzyiq cəhdindən başqa heç nə deyil.
Ermənistanla Avropa İttifaqı ölkələri arasında hərbi-texniki əməkdaşlığın artırılması, yəni bu prosesə başlanması ilə bağlı təhəbbüslərin və çağırışların müəllifi isə Fransadır.
Fransa prezidenti Emmanuel Makron bütün vasitələri və malik olduğu rıçaqları işə salaraq Ermənistanı silahlandırmaq niyyətindədir. Təbii ki, bu zaman Ermənistana verilən vədlərlə ermənilərə ediləcək hərbi-texniki dəstəyin arasında uçurum fərqi olacaq.
Məsələn, ermənilərə təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 100 milyon avronun ayrılması nəzərdə tutulub.
Ermənistanın baş naziri Nikol Paşinyan da bunu çox böyük geosiyasi uğur, az qala geosiyasi triumf kimi qələmə verməyə çalışır.
Halbuki durum çox prozaikdir.
Əvvəla, Fransa heç bir halda və heç bir şərtlə Ermənistana ən müasir silahları, hərbi texnika və avadanlığı verən deyil. Rəsmi Paris ən yaxşı halda İrəvana 30-40 il əvvəl in texnologiyaları əsasında istehsal edilən hərbi texnikanı ünvanlayacaq.
Amma bu, əsas məsələ deyil.
Fransa Ermənistanı niyə, nə məqsədlə silahlandırır? Bəyəm Emmanuel Makron və onun administrasiyası, habelə Avropadakı təşkilatlar və siyasətçilər anlamırlar ki, Ermənistanın aldığı və bundan sonra alacağı silahlarla hərbi texnika bilavasitə Azərbaycana qarşı yönələ bilər? Bilirlər və anlayırlar ki, Ermənistan aqressiv şovinist, ərazi iddialarına əsaslanan ritorikası ilə mənfur daşnak ideologiyasından əl çəkməyib.
Məntiqə, müasir geosiyasi tarixə və beynəlxalq hüquqa əsasənsə Ermənistana normal səviyyəli silahlı qüvvələrə malik olmaq, hərbçilərinin ölkə sərhədlərindən kənar militar fəaliyyət göstərmək və hərbi əməliyyatlar keçirmək qəti qadağan olunmalı, bu şərtlər ölkə Konstitusiyasında təsbitlənməli, habelə Ermənistanın silahlı qüvvələri “özünümüdafiə ordusu” adlandırılmalıdır.
Belə presedentlər az deyil və onların arasında ilk ağla gələni Yaponiyadır.
İkinci Dünya Savaşında kapitulyasiyadan sonra Gündoğar ölkəyə güclü ordu saxlamaq, sürtələ silahlanmaq yasaqlandı və nəticədə Yaponiya orduya yox, “özünümüdafiə qüvvələri”nə malikdir.
Yaponiya üçün nüvə silahını əldə etmək - ölkənin elmi-texniki, iqtisadi, hərbi, siyasi və s. imkanlarını nəzərə alsaq - çox qısa zamanda reallaşdırılacaq məsələ olsa da, rəsmi Tokio bu addımı bəhs etdiyimiz səbəbdən atmır.
İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğradılan, ordusu darmadağın edilən Ermənistana isə eynən Yaponiya kimi davranış tətbiq olunmaq əvəzinə, Fransanın təkidi ilə Avropa İttifaqı onu silahlandırmaq arzusundadır.
Avropa Parlamenti, Avropa İttifaqının Nazirlər Komitəsi, digər pan-Avropa strukturları, habelə bir sıra ölkələr, qurumlar və siyasətçilər ifrat ermənipərəst mövqe tutaraq Makronun geosiyasi müstəvidəki tezislərini faktiki olaraq təkrarlayır, ikiüzlü və saxtakar siyasət nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazdakı situasiyanı daha da gərginləşdirməyə yönəlmiş addımlar atır.
Bəhs etdiyimiz ölkələrin, təşkilatların və siyasətçilərin bəyanatlarının, açıqlamalarının və ümumiyyətlə, mövqelərinin siyasi əxlaq, vicdan və ədalət meyarlarına nə dərəcədə uyğun olduğunu anlamaq üçün onların Azərbaycana münasibətlərinə nəzər salmaq kifayət edərdi.
Bir şərtlə ki, İsrail-Fələstin münaqişəsi olmasaydı.
ABŞ prezidenti Cozef Bayden İsraildə rəsmi səfərdə olduğu müddətdə belə, Fələstinin Qəzza bölgəsinin aramsız və amansız bombardmanları səngimədi.
Bombardmanlarda hədəf kimi HƏMAS və “İslami Cihad” qruplaşmalarının mənsubları, onlara məxsus obyektlər, anbarlar və s. göstərilsə də, bombardmanlarda həlak olanlar arasında heç bir günahı olmayan mülki əhali - qocalar, uşaqlar, qadınlar, hətta xəstələrdir.
Qəzzadakı Əl Əhli xəstəxanasının raketlə vurulması nəticəsində həlak olanların sayının 800-ə çatması da əslində danılması mümkünsüz müharibə cinayətidir.
Kollektiv Qərb adlandırılan ABŞ və Avropa İttifaqı münaqişənin nizamlanmasına, hərbi əməliyyatların dayandırılmasına çalışmaq əvəzinə, birmənalı olaraq tərəf tutublar.
Belə davranış zahirən məsuliyyətsizlik də adlandırıla bilər, çünki Vaşinqtonla Brüssel məhz laqeydlik nümayiş etdirdiklərini göstərməyə çalışırlar.
Fəqət Qərbin qərəzli və saxtakar siyasəti üçüncü dünya müharibəsinin ərəfəsinin olduğunu deyənlərin mövqelərini gücləndirir, sivilizasiyalar toqquşmasına rəvac verir.
Avropa İttifaqınının İsrail-Fələstin və Azərbaycan-Ermənistan problematikasındakı mövqeyinin dirijoru ilə ssenari müəllifi yenə də Fransadır.
Almaniya və digər Aİ ölkələri - Macarıstanla İtaliya istisna olmaqla - isə Fransa prezidenti Emmanuel Makronun siyasətinin farvaterində olaraq Parisin geosiyasi marionetinə çevrilmiş haldadırlar.
Adi mənzərədir, artıq alışmışıq. Lakin sözdə demokratiya, insan haqları, bəşəri dəyərlər, humanizm, multukulturalizm və s. dəyərlərdən fasiləsiz bəhs edərək onların maraqlarının reallaşması ilə mənafelərinin təminatı istiqamətində işlək narrativlərə çevirən Qərbin belə ikiüzlü siyasəti siyasi riyakarlıq sayıla bilər.
Ermənistanı dəstəkləyən Qərb indi Azərbaycana qarşı sayı bilinməyən aberrativ standartlara əsaslanan siyasət yürüdür, Bakıya qarşı məkrli planlarını reallaşdırmağa və təzyiqlər göstərməyə cəhd edir.
Halbuki ərazilərimizin 20 faizi Ermənistanın işğalında olanda, 1 milyona yaxın soydaşımız yurd-yuvalarından didərgin salınanda elə həmin Qərb lal, kar və kor olmuşdu.
Azərbaycana qarşı absurd “etnik təmizləmə siyasəti” adı ilə ittihamlar irəli sürən Qərb Ermənistan soydaşlarımıza qarşı real, amansız və zooloji səviyyədə vəhşiliklə müşayiət olunan etnik təmizləmə, soyqırım tətbiq edəndə Qərb susurdu.
İndi düşünək: belə Qərbə inanmaq olarmı?