Bakı. Trend:
Azərbaycan sıxışdırılan ölkələrə müstəmləkəçiliyə qarşı çıxış etmək imkanı verir.
Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin kommunikasiyalar üzrə katibi Qaston Samut deyib.
"Azərbaycan tərəfindən bu konfransa dəvət olunmaqdan çox məmnunuq. Bu, bizim üçün müstəmləkəçiliyə qarşı çıxış etmək şansıdır. Vətənimizdə Fransa dövlətinin yeritdiyi siyasət səbəbindən bundan məhrumuq. Bu konfrans beynəlxalq mətbuata çıxış imkanı əldə etməyimizə və mübarizəmizdən danışmağımıza şans verir. Bundan başqa, Sakit Okean, Qayana, Qərbi Hind və Martinika adasında müstəmləkə xalqlarının suverenlik səyləri istiqamətində bütün mübarizə formaları ilə həmrəy olduğumuzu təsdiqləmək üçün buradayıq.
Birləşmiş Millətlər Təşkilatı 2020-2030-cu illəri dekolonizasiyanın son onilliyi adlandırıb və bunun reallıq olacağına ümid edirik. İnanırıq ki, müstəmləkə imperiyaları və müstəmləkəçi ölkələr müstəmləkəçiliyə son qoymağa razı olacaqlar. Xalqlarımızın və digər millətlərin müstəmləkə sistemindən çıxmağın zəruriliyini anlamasına çalışırıq, çünki bu sülhün və xalqların rifahının açarıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
(Tərcümə: Rəna Əbdürəhmanova)