Astana. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) mühüm regional assosiasiyaya çevriləcək.
Trend xəbər verir ki, bunu Qırğızıstanın Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.
"Sammit dünyada böhran və dəyişikliklərin baş verdiyi və aradan qaldırılması üçün birgə səylərin tələb olunduğu mürəkkəb dövrdə keçirilir. Bu səbəbdən, Təşkilat qəbul edilmiş "Türk dünyası 2040 Vizyonu" adlı strateji sənədlər əsasında ölkələr arasında əməkdaşlığı bundan sonra da təşviq edərək inkişaf etdirməlidir. Xüsusən türk dövlətlərinin əməkdaşlığının inkişafının məqsəd və prioritetlərinin bütünlükdə Qırğızıstan Respublikasında yeridilən siyasətlə uzlaşdığını nəzərə alaraq, Qırğızıstan Təşkilat çərçivəsində çoxplanlı və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Fikrimcə, türk dövlətlərimizin iqtisadi potensialın genişləndirilməsi və dayanıqlı inkişafa doğru irəliləyiş üzrə səyləri birləşdirmələri vacibdir", - o deyib.
Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.
Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.
Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)