...

Ermənilər danışıqlardan və İrəvandan qaçırlar

Siyasət Analytics 30 Noyabr 2023 15:01 (UTC +04:00)
Ermənilər danışıqlardan və İrəvandan qaçırlar
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesi faktiki olaraq yerində sayır. Problemin həllinin ən effektiv yolu Bakı ilə İrəvanın birbaşa, vasitəçilər olmadan danışıqlar aparması və sonuc əldə etməsidir.

Baş nazir Nikol Paşinyan və onun komandası problemin ən effektiv, sürətli və dayanıqlı həll variantından imtina edirlər. Onların dediklərinə görə, danışıqlar prosesinin "obyektiv vasitəçi"lərin dəstəyinə və yardımlarına ehtiyacı var.

Vasitəçi qismində ermənilər ABŞ, Fransa və Avropa İttifaqını görürlər.

Birləşmiş Ştatlarla Fransanın obyektivlikdən çox uzaq, aşkar ermənipərəst mövqe tutduqları yenilik deyil. ATƏT-in Minsk Qrupunda həmsədr olmuş bu dövlətlər Azərbaycan ərazilərinin 20 faizinin erməni işağlında olduğu 30 il ərzində münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesini tragifarsa çevirmişdilər.

Vaşinqtonla Paris işğalçı ilə işğala mərz qalana "münaqişənin bərabərhüquqlu tərəfləri" qismində baxdıqlarını bəyan edir, Bakının beynəlxalq hüquqa əsaslanan tələblərini qulaqardına vururdular. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi, İrəvan işğalçılıq siyasətinə son qoymağa vadar olunmadı.

Əvəzində 30 il ərzində Xankəndindəki separatçı rejimə bütün sahələrdə dəstək verilirdi. Situasiya o qədər eybəcərləşmişdi ki, ABŞ Konqresi hər il qarabağlı erməni separatçılara milyonlarla dollarlıq yardımlar ayırırdı.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra da ABŞ, Fransa və Avropa İttifaqının Ermənistana dəstəyi səngimədi, erməni separatçılığına dəstəyi dayanmadı. Tam əksinə, daha da artdı.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, Ermənistanın işğalında olan 8 kəndimizin azad olunması və Zəngəzur dəhlizi layihəsinin icrası ilə bağlı müddəalar məhz kollektiv Qərbin vədlərinə güvəndiyi üçün Paşinyan hakimiyyətinə "mənasız məsəllələr" təsiri bağışlayırdı.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinin heç birinə (!) əməl etməyən İrəvan rusiyaıl sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdəki silahlı separatçı-terrorçu dəstələri maliyyələşdirməyə və dəstəkləməyə davam edirdi.

Bu azmış kimi qarabağlı ermənilərə Vaşinqton, Brüssel və Paris tərəfindən çeşidli vədlər verilirdi.

Avropa İttifaqının sülhyaratma səylərinə gəldikdə isə, bu struktur Ermənistana müşahidə-monitorinq missiyası (EUMM) yollayaraq guya şərti dövlət sərhədindəki situasiyanı nəzarətdə saxlamaq istədiyini dedi. Halbuki bu missiyanın heyətindəki şəxslərin tam əksəriyyəti aşkar kəşfiyyat və agentura fəaliyyəti ilə məşğuldular, indi də belədir.

Bu ilin sentyabrın 19-da Azərbaycan ordusunun reallaşdırdığı lokal antiterror tədbirləri isə kollektiv Qərb üçün əsl şok effekti yaratdı.

Vaşinqton, Paris və Brüssel triosu "Azərbaycan heç bir halda güc tətbiq etməməlidir" tələbini refren kimi təkrarlayır, Xankəndindəki separatçı rejimi qorumağa çalışırdılar. Təbii, Qərb separatçılarla bağlı mövqeyini aşkar bəyan etmirdi, sözdə ən müxtəlif formalarda kazuistikadan istifadə olunurdu, ərazi bütövlüyü və sərhəd toxunulmazlığından danışılırdı. Fəqət reallıq tam başqa idi: Qərb erməni separatizmini, revanşizmi tam dəstəkləyirdi.

Məqsəd Xankəndindəki separatçı xuntadan Bakıya qarşı təzyiq vasitəsi kimi sürəkli istifadə etmək, separatçıların mövcudluğunu təmin etməkdi.

Alınmadı - Bakı bütün bu planları pozdu və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı.

Qarabağlı ermənilərin Azərbaycandan Ermənistana məcburi köçündən sonra Cənubi Qafqazda dayanıqlı sülhv ə stabilliyin bərqərar olması üçün konkret addımların atılması əvəzinə Ermənistana yeni vədlər ünvanlandı, 44 günlük savaşda darmadağın edilmiş erməni ordusunun qalıqlarının sürətlə silahlandırılması prosesinə start verildi.

Vaşinqtonla Paris bölgədə situativ müttəfiq kimi çıxış edərək Ermənistanı Rusiyanın təsir arealından ayırmağa, daha sonra isə Rusiyanın ümumiyyətlə, Cənubi Qafqazdakı proseslərə təsir və müdaxilə imkanlarını minimuma endirməyə çalışmağa başladılar.

Birləşmiş Ştatlardakı siyasi elitaların ermənilərlə Ermənistana verdikləri dəstək, Fransa prezidenti Emmanuel Makronun ermənidən artıq erməni olmağa can atması təbii ki, Avropa İttifaqındakı bəzi ölkələrə də təsir etməyə bilməzdi.

Amerikalılarla fransalıların geosiyasi hegemoniya istəklərinin alətinə çevrilmiş diplomatiyasının farvaterindəki Avropa İttifaqı iqtisadi və sənaye gücündən geostrateji nəhəngə çevrilmək niyyəti məcrasında da analoji bəyanatlar verir.

Belədə, ABŞ, Fransa və ya Avropa İttifaqının Azərbaycan-Ermənistan danışıqlarında obyektiv vasitəçiliyini düşünmək sadəlövhlükdür. Qərbin bölgəmizdə siyasi altruizm müstəvisində olduğunu xəyal etməksə illüziyadır.

Bəhs etdiyimiz səbəblərdən Ermənistan sakinləri sülh sazişinin imzalanması prosesinin Qərb olmadan reallaşmayacağını düşünürlər. Daha doğrusu, buna əminlik nümayiş etdirirlər.

Məsələn, İrəvandakı “5 TV Channel” telekanalı Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz sülh danışıqlarının mümkünlüyü ilə bağlı İrəvan sakinləri arasında sorğu keçirib.

Rəyi soruşulan ermənilərin tam əksəriyyəti danışıqların sözügedən formatına qarşı çıxıblar. Onların dediklərinə görə, ikitərəfli danışıqlar zamanı “Azərbaycan Ermənistandan istədiyini alacaq”. Bundan başqa, ermənilər hesab edirlər ki, ikitərəfli danışıqlar formatı “Türkiyənin maraqlarına xidmət edir”.

Kütləvi depressiya və ümidsizlik Azərbaycandan Ermənistana yollanmış qarabağlı ermənilər arasında müşahidə olunur. Onların arasında Ermənistanda yaşamın perpsektivsiz olduğunu düşünənlərin sayı sürətlə artır.

Ermənistan Milli Təhlükəsizlik Xidmətininr rəsmi açıqlamasına görə, artıq 10929 qarabağlı erməni ölkəni tərk edib, onların sadəcə 4303 nəfəri sonradan geri qayıdıb.

Son iki ay ərzində 6626 qarabağlı erməninin Ermənistanı tərk edərək faktiki mühacirət etmələri Paşinyan hakimiyyətini narahat edir.

Qarabağlı ermənilər İrəvandakı iqtidar üçün siyasi manipulyasiya vasitəsi ilə yanaşı, humanitar yardımlar qismində on milyonlarla dolların əldə edilməsi üçün mənbədir.

Müxtəlif dövlətlərin və təşkilatların “qarabağlı ermənilərin Ermənistanda məskunlaşması prosesinə dəstək” adı ilə İrəvana yolladıqları maliyyə vəsaitinin tam əksəriyyəti korrupsiya və rüşvətxorluğun pik həddə çatdığı Ermənistanda məmurlar tərəfindən mənimsənilir.

Belədə təbii ki, İrəvandakı hakimiyyət çox rahat, əlverişli gəlir mənbəyini itirmək istəmir, qarabağlı ermənilərin ölkəni tərk etməsinə imkan verməməyə çalışırlar.

Lakin proses artıq Paşinyan administrasiyasının nəzarətindən çıxıb. Ermənistanı tərk edən qarabağlı ermənilərin sayı ilin sonunadək daha da artacaq, gələn ilin yazında isə ümumiyyətlə dəfələrlə sürətlənəcək.

Ermənistanın “hami”ləri fasiləsiz olaraq Azərbaycanı «qarabağlı erməniləri etnik təmizləməyə məruz qoymaq»da suçlayırlar.

Halbuki həmin ermənilərin köçünə ilk əvvəl Xankəndindəki artıq sabiq separatçı rejim səbəb olmuşdusa, indiki kütləvi miqrasiyanın səbəbkarı Ermənistandakı hakimiyyət və qarabağlı ermənilərdən artıq “bezməyə” başlamış yerli ermənilərdir.

Görəsən, Paşinyanı təlimatla idarə edənlər indi nə deyəcəklər?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti