Bakı. Trend:
İnkaredilməz faktdır ki, hazırda dünyanın müxtəlif bölgələrində iqlim dəyişmələri, təbii fəlakətlərlə yanaşı, hərbi-siyasi münaqişələr və müdaxilələr səbəbindən insanlar əziyyət çəkir, hüquqları pozulur, yaşamaq, daimi iş, dayanıqlı gəlir əldə etmək imkanlarından məhrum olur, müxtəlif zorakı münasibətlərə məzur qalır.
Trend xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu məsələlər, eləcə də, Minilliyin İnkişaf Gündəliyinə daxil olan istiqamətlər və hədəflər bizim hamımızı, beynəlxalq təşkilatları, dövlət rəsmilərini öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə, insanları və cəmiyyətin əsası saydığımız ailələri hər cür zərərli təsirlərdən və təhlükələrdən qorumağa yönəlmiş səylərini birləşdirməyə vadar edir.
“Bu baxımdan, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi illərdə üzləşdiyi çətinliklərə, Ermənistanın işğalı zamanı məruz qaldığı sarsıntılara, iqtisadi, insanı və ərazi itkilərinə rəqmən öz vətəndaşları qarşısında öhdəliklərinə sadiqliyi unikal bir örnək olmaqla yanaşı, bizim üçün həm də qürur doğuran bir tarixdir.
Münaqişə və müharibə dövründə, iqtisadi-sosial problemlərdən təsirlənmiş ailələrin psixo-sosial durumunu kəskinləşdirən səbəblərin aradan qaldırılması, onların rifahına, hüquqlarının təmin edilməsinə xidmət edən mühüm qərarlar, qanunlar, dövlət proqramları, qəbul edilmiş, uğurla həyata keçirilmiş, həmçinin yeni təsisatlar yaradılıb”, - deyə B.Muradova bildirib.
Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.