Bakı. Trend:
Bu gün İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Baş Qərargahında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayacaq.
Konfrans üçün bugünkü tarixin seçilməsi təsadüfi deyil. Belə ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni qəbul edib. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur.
Konfransda 22 ölkə, eləcə də Fransanın dənizaşırıdakı keçmiş müstəmləkələrindən – ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Martinik, Fransız Polineziyası, Korsika, Valis və Futuna, Solomon Adaları, eləcə də 2 beynəlxalq təşkilatdan – İslam Əməkdaşlıq Təşkilatı və BMT-dən (Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitə) 50-yə yaxın nümayəndənin iştirakı təsdiq olunub. Bununla yanaşı, insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT rəhbərləri və xarici media təmsilçiləri də tədbirdə iştirak edəcək.
İnsan hüquqlarının beşiyi sayılan BMT-nin Cenevrə ofisində Fransanın keçmiş və indiki koloniyalarından olan nümayəndələr tərəfindən öz ölkələrində Fransa tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması hallarının əks olunduğu çıxışlar nəzərdə tutulur. Bir sıra ölkə rəsmiləri öz milli bəyanatlarını səsləndirəcəklərinə dair məlumat veriblər.
Xatırladaq ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan CAGE adlı QHT rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani bu konfransda iştirak etmək üçün İsveçrəyə gəlsə də, Fransanın tələbi ilə İsveçrə polisi tərəfindən saxlanılıb. Polis məhdudlaşdırmanın səbəbinin Fransa olduğunu etiraf edib. Hüquq müdafiəçisi Rabbaninin özünün və vəkilinin haqlı tələblərinə baxmayaraq, İsveçrə polisi onu buraxmaqdan imtina etməkdə davam edir.
Konfransın sonunda bəyannamənin iştirakçılar tərəfindən imzalanması nəzərdə tutulur.
BMT-nin Baş qərargahında həyata keçirilən konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il üzrə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbirdir.
Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.
Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.
XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.
Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanıb.
Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdı. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər ikisinin mina terroru ilə məşğul olmaq təcrübəsidir.
Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür.
Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır.
Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90%-i Fransa dövlətinin mülkiyyətindədir.
Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.
Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki danılmaz suverenliyini daima təsdiqləyir.
Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır.
Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa hakimiyyəti Korsika adasında korsa dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa, eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışır.
Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin (siyasi və dekolonizasiya məsələləri) fəaliyyəti daha da canlandırılmalıdır.
Fransanın yürütdyü qlobal neokolonializm siyasəti əslində qlobal imperializmin praktikası və qloballaşmanın müasir istiqamətidir, çünki imperializmi qloballaşdırır. Bir kollektiv (korporativ) metropoliyadan idarə olunan vahid qlobal imperiya yaratmaq arzusunda olanların istəyi "bir metropoliya - çoxlu müstəmləkələr" strategiyasıdır.
Fransanın neokolonializmi simasız və ya mücərrəd leviafan yox, çox böyük maliyyə və siyasi imkanlara malik insanlarla təşkilatlardır. Onlar siyasətlə yanaşı, banklar, korporasiyalar, konsernlər vasitəsilə ilkin səviyyəli iqtisadiyyatdan yararlanaraq üst səviyyəli iqtisadiyyatı idarə edinlər. "Şərti pullar"ın dövrə etdiyi virtual, simvolik iqtisadiyyat hazırda real iqtisadiyyatdakı maliyyəni üstələdiyindən inkişaf etməkdə olan dövlətləri idarə edir.
Yelisey Sarayının çoxdan bəri dəqiq müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Fransa idarə etməyə çalışdığı ölkələri müstəqil siyasət yürütmək və inkişaf etmək imkanlarından məhrum edir, özündən asılı vəziyyətə salır, bərabərhüquqlu tərəfdaş və müttəfiq adlandırmasına rəğmən satellitə çevirir. Daha sonra isə texnoloji və iqtisadi üsğtünlükdən yararlanaraq hədəfə aldığı ölkənin insani və təbii resurslarının istismarına başlayır.
Cənubi Qafqazda da Fransa prezidenti Emmanuel Makronun məqsədi geosiyasi planlaşdırmadırsa, fransız iş adamlarının və biznesmenlərin niyyəti yerli şəraitə tam nəzarətdir. Müxtəlif ictimai təşkilatlar, media, volontyorlar adlandırılan təsir agentləri və s. - bütün bunlar bir məqsədə xidmət edir.
Fransanın vədlərinə inanan və Parisi özünə dayaq, habelə hami hesab edən Ermənistan son 30 ilin ən böyük səhvini edir.
Səhvin nəticələri gerçəkdən, ağır olacaq.