Bakı. Trend:
Xəzərə bax gör necə dəyişir...Hər dəfə 8 noyabr prospektindən keçəndə bu elanı görür və düşünürdüm. Görəsən Xəzər doğrudan da dəyişəcəkmi? Əvvəlkindən daha duru, daha dərin olacaqmı? Amma tədricən hiss etdim ki, Xəzərə baxmaq əslində onunla bərabər məni də tamaşası kimi dəyişir. Yəni durulan və dərinləşən həm də mənəm. Və təkcə mən yox...
Əslində insan ana bətnində suda inkişaf edir və doğulur. Onu təzədən böyük bir hövzəyə qaytarmaq isə yaradanın əlindədir. Bugün 45 yaşını qeyd edən Murad Dadaşov Xəzər televiziyasını yeni ideyaların dünyaya gəldiyi ana bətninə çevirdi. Bugün onun Xəzərdə yaratdığı iqlim dəyişikliyinə 45 dərəcə bucaq altından baxmağa çalışacam. 3 il əvvəl ölkə yeni çağırışlarla üz-üzə qalmışdı. Xaosun hökm sürdüyü sosial şəbəkələr qarşısında duruş gətirə bilən, strateji kommunikasiya planı olan televiziya modelinə ehtiyac yaranmışdı. Yəni telekanal həm ciddi görkəmi ilə zövq oxşamalı, eyni zamanda marketinq tələblərinə cavab verməli idi. Murad Dadaşova bu məqamda illərlə özünə aşıladığı təşkilatçılıq qabiliyyəti kömək oldu.
Qısa zamanda formalaşdırılan heyətlə telekanalın yeni siması müəyyənləşdirildi. Tədricən Xəzərin səsi ciddi xəbər mənbələrindən gəlməyə başladı. Sosial problemlərə baxış bucağı dəyişdi. Artıq hiss olunurdu ki, Xəzərin taleyi qeyri-müəyyən deyil, onun bəlli statusu var. Yeni ənənələrə reaksiya gözlənildiyi kimi birmənalı olmadı. Amma Əsrin çempionu göstərdi ki, o bütün situasiyalarda hazırcavab olmağı bacarır. Bugün Azərbaycan teleməkanında dəbi və rəqabəti məhz Xəzər formalaşdırır.
Murad Dadaşov Xəzəri televiziyanın ölçü vahidinə çevirməyi bacardı. Əlbəttə sağlam rəqabət akvatoriyasında kimsə Xəzərdən daha maraqlı layihə reallaşdıra bilər. Amma burada da işin keyfiyyəti Xəzərin səviyyəsinə nəzərən götürülür. Fikrimcə sadaladıqlarım Xəzərdəki aysberqin yalnız 3-də biridir. Bir gün Murad Dadaşovla ayaqüstü söhbətim olmuşdu. O görüşdən yadımda bu cümləni saxladım. “Bəli Xəzər dənizdir, amma onun da altı torpaqdır. Bizim hər damlamız bu torpağa borcludur.” Mən əmin oldum ki, istənilən idarəçinin fəlsəfəsi olmalıdır.
Əlbəttə, müxtəlif vaxtlarda ən ali fəxri adlara layiq görülən insana uğur arzu etmək artıq görünə bilər. Mən 3 ildir Xəzərə media kapitanlığı edən Murad Dadaşova səmt küləyi arzu edirəm. Yeri gəlmişkən bugün hamımız kimi, onun da diqqəti Xankəndidə olacaq. Ordumuzu təmsil edən MOİK, Qarabağımızı təmsil edən "Qarabağ"la üz-üzə gələcək. İki 45 dəqiqədə hansı komandanın qol vuracağını öncədən deyə bilmərəm. Amma dəqiq bilirəm ki, Murad Dadaşov ömrünün ilk 45 ilini hesabda öndə başa vurdu. Əminəm ki, bu həyatın ikinci 45 dəqiqəsi daha maraqlı və məhsuldar olacaq. Çünki bu illərin əsasında sevgi dayanır.