Koreya Respublikasındakı səfirliyimizdə Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsverməyə start verilib

Siyasət Materials 7 Fevral 2024 03:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.

Trend xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilirlər. Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçiriləcək. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti