Bakı. Trend:
13 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət
Məsələləri üzrə Təşkilatı (YUNESKO) baş direktoru vəzifəsinə
Misirin namizədi Xalid El-Enanini qəbul edib.
XİN-dən Trend-ə verilən xəbərə
görə, görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlıq
gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi,
Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən
etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası
dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə
çatdırıb, “Bakı Prosesi”, təhsil və humanitar sahələrdə irəli
sürülmüş təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Misirin namizədinin
seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər
barədə tövsiyələrimiz təqdim edilib.
Nazir Ceyhun Bayramov həmçinin keçmiş Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin işğalı faktı,
post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə qarşı tərəfi
ətraflı məlumatlandırıb.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən ölkəmizin mədəni irsinin məhv edilməsindən bəhs edib. Ermənistanın törətdiyi dağıntıların YUNESKO missiyası tərəfindən qeydə alınması və ərazilərimizə səfərin təşkil edilməsi məqsədilə 20 ildən artıq bir müddət ərzində tərəfimizdən YUNESKO-ya çağırışlar edilməsinə baxmayaraq, Ermənistanın missiyaya mane olduğu, bu faktın YUNESKO-nun 2005-ci il tarixli hesabatında qeyd alındığı bildirilib.
Namizədə seçkil kampaniyasında uğurlar arzulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.