Bakı. Trend:
Azərbaycanın Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin güc tətbiq edilmədən, hərbi qarşıdurmaya yol verilmədən geri alınması Ali Baş Komandan, Prezident İlham Əliyevin, siyasi fəaliyyəti boyu, o cümlədən 44 günlük müharibə dövründə və daha sonra ölkəmizin milli maraqları ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyinin nəticəsidir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E. Mirzəbəyli bildirib ki, son 4 il ərzində torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin bərpası, sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin, çəkilən zəhmətin, həyata keçirilən siyasətin miqyası o qədər böyükdür ki, bəzən nəyin necə baş verdiyini anlamaq belə kifayət qədər vaxt aparır.
"Ola bilsin ki, əldə olunan hər bir uğurlu nəticədən sonra, uğura, qələbəyə sevinmək əvəzinə ritorik suallarını sıraya düzən bəziləri, prosesləri öz “arşınları” ilə dəyərləndirdikləri üçün nəinki bir, yaxud bir neçə il sonranı, hətta bir neçə saat irəlini belə görməyi bacarmırlar. Bəlkə də 10-15 il sonra hazırda baş verənlərin mahiyyətini azacıq da dərk etmək iqtidarında olsunlar, amma əminəm ki, həmin dövrdə Azərbaycan onların anlaya, təsəvvür edə biləcəkləri uğur sərhədlərindən on illərlə irəlidə olacaq.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyinin əbədiliyi, dönməzliyi naminə başladılan yolu davam etdirdiyi ilk gündən torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan etmişdi və ötən zaman kəsiyində şahidlik etdiyimiz milli qürur tariximizin hər günü dövlətimizin başçısının andına sədaqət nümunəsi hesab oluna bilər", - deyə siyasi şərhçi qeyd edib.