Bakı. Trend:
Polineziyanın müstəqilliyini əldə etməsi bizim üçün çox vacibdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Fransız Polineziyasının “Tavini” partiyasının üzvü Rui Uretevi Paya deyib.
“Mən ixtisasartırma məktəbinin müəllimiyəm. Bu səfərin məqsədi iqtisadiyyat, təhsil və s. sahələrdə mümkün əməkdaşlığı müzakirə etməkdir. Məhz bu planlar çərçivəsində əməkdaşlıq üçün müxtəlif imkanları müzakirə edə biləcəyik”, - deyə o bildirib.
Dünən Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfəri başlayıb.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.