Bakı. Trend:
İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
"İndiyə qədər 481 deputatlığa namizədi qeydə alınıb", - o deyib.
MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir. Ümumilikdə isə 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
"Namizədlərdən 459 nəfər 25 siyasi partiyadan irəli sürülüb. 1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. Namizədlərdən 1333 imza vərəqi alıb və onlardan 802-si qaytarıb", - o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.