Bakı. Trend:
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.
Trend xəbər verir ki, Seçki Məcəlləsinin 101.1, 101.2-ci maddələrinə əsasən, dairə səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu proses 2024-cü il avqustun 7-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.