Bakı. Trend:
Sentyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı yekun protokollar Konstitusiya Məhkəməsinə göndəriləcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, seçki dairələrinin qərarlarından şikayətlərin MSK-ya təqdim edilməsi vaxtı bitib: “Bizim indi işimiz ciddi şəkildə davam edir. Nə qədər müraciət gəlib baxacağıq. Mərkəzi Seçki Komissiyasının yekun protokolonu hazırlayıb Konstitusiya Məhkəməsinə göndərəcəyik”.
Qeyd edək ki, parlament seçkiləri ilə bağlı yekun protokollar sentyabrın 22-ə qədər Konstitusiya Məhkəməsinə göndərilməlidir.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.