Bakı. Trend:
Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı sahəsindəki fəaliyyəti çərçivəsində növbəti layihəsi sentyabrın 17-də Qaradağ rayonunda həyata keçirilib.
Trend xəbər verir ki, rayondakı 286 saylı körpələr evi-uşaq bağçası 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyaları köhnəlib və istifadəyə yarasız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən binada təmir-bərpa işləri həyata keçirilib və bağçanın 120 yerlik yeni binası artıq istifadəyə verilib. Burada uşaqlar üçün yataq və oyun otaqları, akt zalı, mətbəx, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları yaradılıb, qruplar üçün söhbətgahlar quraşdırılıb.
Körpələr evi-uşaq bağçasının açılışında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayıb.
Dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edən İ.Rəsulova təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini, yeni bağçaların tikildiyini və ya köhnələrinin əsaslı təmir olunduğunu söyləyib.
İki birmərtəbəli korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.
Fikirlərini bölüşən 286 saylı körpələr evi-uşaq bağçasının müəllimi Tahirə Qəhrəmanova 1985-ci ildən burada fəaliyyət göstərdiyini deyib. Bağçanın yenidən qurulmasından sonra burada yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edən T.Qəhrəmanova deyib: “Çalışacağıq ki, uşaqları vətənpərvər ruhda tərbiyə edək, onları cəmiyyətə faydalı vətəndaşlar kimi böyüdək”.
Qeyd edək ki, yeni istifadəyə verilən 286 nömrəli uşaq bağçası 120 yerlikdir.