Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə
əsasən, sentyabrın 20-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi
birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil
müəssisələrində sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət
Suverenliyi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və
Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik
zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası xarici havadarlarının köməyi ilə ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal etmiş, xalqımıza qarşı insanlıq əleyhinə cinayətlər apararaq şəhər və kəndlərimizi viran, təbii sərvətlərimizi isə talan etmişdir, eləcə də dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törətmişdir.
Düşmənin növbəti hərbi təcavüz və təxribatlarının qarşısı 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatında alınaraq tarixi Zəfər qazanılmış, torpaqlarımız işğaldan azad olunmuşdur. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.