Bakı. Trend:
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il oktyabrın 3-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Trend xəbər verir ki, əvvəlcə Komissiyanın 13 sentyabr, 14 sentybar, 15 sentyabr və 16 sentyabr 2024-cü il tarixli iclaslarının protokolları təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.
Aparılan müzakirələrin ardınca 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 82 saylı İmişli – Saatlı və 83 saylı Beyləqan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.
Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.