Bakı. Trend:
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında qazandığımız zəfərlər bu gün quruculuq və diplomatiya sferalarında uğurla davam etdirilməkdədir
Oktyabr ayı Azərbaycan xalqı üçün təqvimdə əsasən qələbələr ayı kimi işarələnmişdir. Çünki 44 günlük İkinci Qarabağ müharibəsində Şuşadan başqa digər şəhərlərimiz məhz oktyabr ayında döyüş yolu ilə işğaldan azad olunmuşdur. Şəhərlərimizin bir-birinin ardınca geri alınması ordumuzun hərbi əməliyyatlarının gedişatına əhəmiyyətli təsir göstərmiş və nəticə etibarilə cənab Prezident İlham Əliyevin Müzzəfər Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunması kimi tarixi və milli vəzifə uğurla yerinə yetirilmişdir.
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür
Ümumiyyətlə hər bir şəhər və rayonumuzun, kənd və qəsəbəmizin azad olunması Vətən müharibəsi tarixinin qəhrəmanlıq və şərəf səhifələridir. Müharibənin ilk günlərində Füzuli və Cəbrayılın kəndləri, o cümlədən Suqovuşan kəndi və Murov zirvəsi ordumuz tərəfindən düşməndən azad edilmişdi. Bütün bunların ardınca oktyabr ayının 4-də Cəbrayıl şəhərinin də işğaldan azad edilməsi respublikamızda əsl bayrama çevrilmişdi. Yaxşı xatirimizdədir ki, 2020-ci ilin oktyabr ayının 4-də Prezident İlham Əliyevin Cəbrayıl şəhərinin və rayonun daha 9 kəndinin azad olunması barədə müjdəsindən sonra insanlar sevinclə küçələrə axışmışdılar. Həmin vaxt müzzəfər hərbçilərimizin Cəbrayıldan Ali Baş Komandan İlham Əliyevə verdikləri qələbə raportunu qürurla izləmiş, duyğulanmış, Prezidenimizlə, ordumuzla, xalqımızla fəxr etmişdik. Vətən müharibəsinin ilk həftəsinə təsadüf edən bu hadisə xalqımızın qələbə ovqatını daha da yüksəltmiş, döyüşən hərbçilərimizə böyük ruh vermiş, tarixi Zəfərə olan əminliyimizi daha da artırmışdı.
Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk şəhərdir. Şəhərin azad olunması Vətən müharibəsinin gedişində həlledici amilə çevrilərək, ordumuzun gələcək hərbi əməliyyatlarının da uğurla keçirilməsi üçün mühüm stimul olmuşdu. Düzdür, bundan bir gün əvvəl düşmən Suqovuşan kəndi kimi strateji məntəqədən çıxarılmışdı. Cəbrayıl isə şəhər və rayon mərkəzi olduğu üçün onun azad edilməsi Silahlı Qüvvələrimizin müharibənin ilk həftəsində qazandığı ilk mühüm strateji uğur kimi Vətən müharibəsinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. İşğal edilmiş ərazilərimizdəki düşmən qoşunlarının ilk dəfə böyük masştabda darmadağın ediməsi də məhz həmin günlərə təsadüf etmişdi.
Bu qələbə estafeti Vətən müharibəsinin sonrakı günlərində düşmənin xüsusilə gücləndirilmiş şəkildə müdafiə etdiyi Hadrut qəsəbəsinin, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin və bu rayonların yüzlərlə kəndinin azad olunması ilə davam etdirildi. 2020-ci il noyabr ayının 8-də Qarabağın tacı olan Şuşanın müzəffər ordumuz tərəfindən azad edilməsindən sonra Ermənistanın kapitulyasiya etməkdən başqa yolu qalmadı və bu tarix təqvimə xalqımızın Zəfər Günü kimi həkk olundu. Ermənistanın imzalamağa məhkum və məcbur olduğu 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən təhvil verilməsi isə Azərbaycanın parlaq qələbəsinin növbəti siyasi-hərbi təzahürünə çevrildi.
Azərbaycanın yaratdığı reallıqlar
Vətən müharibəsindəki Zəfər bəlli həqiqətlərə yeni işıq saldı. Belə ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın sürətlə azad edilməsi ilk növbədə Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, inkişaf strategiyasının, xarici siyasət kursunun düzgünlüyünün təsdiqi oldu. Başqa cür desək, Vətən müharibəsindəki qələbə dövlətimizin başçısının həyata keçirdiyi inkişaf siyasətinin, Silahlı Qüvvələrimizin döyüş imkanlarının modernləşdirilməsi işlərinin, Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşası ilə bağlı reallaşdırılan çevik siyasi-diplomatiyanın təntənəsinə çevrildi. Bu gün dönüb tarixə ekskurs edəndə görürük ki, cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələr üzrə qazandığımız uğurlar vəhdət təşkil edərək torpaqlarımızın işğaldan azad olunacağı günü yaxınlaşdırmış və 44 günlük müharibədəki zəfərimizi təmin etmişdir.
Azərbaycan dövləti Vətən müharibəsininin nəticəsi olaraq yeni
reallıqlar yaratmışdır. Əlbəttə ki, ən böyük reallıq 30 ilə yaxın
işğal altında da olan torpaqlarımızın işğaldan azad
edilməsidir.
Bu qələbənin başqa bir reallığı Azərbaycanın regionda və dünyadakı
nüfuzunun yüksəlməsidir. 2020-ci ilin sentyabrına qədər də ölkəmiz
regionun aparıcı subyekti idi. İndi isə Azərbaycan qlobal səviyyədə
həm də müharibədə qalib gəlmiş ölkə kimi tanınır.
Müharibədən sonra yaranan başqa bir reallıq isə işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulmasıdır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız indi Prezident İlham Əliyevin quruculuq əzmi ilə bərpa olunur, bu torpaqlarda yenidən həyat qaynamağa başlayır. Azərbaycan 1 Livan və 4 Lüksemburq qədər bir ərazini yenidən qurur. 10 min kvadratkilometrdən çox olan ərazidə 8 şəhər baş plan əsasında yenidən qurulur, onlarla kənd salınır, hərtərəfli infrastruktur yaradılır, müasir yollar çəkilir, elekrik stansiyaları, yarımstansiyaları və beynəlxalq hava limanları tikilir. İndiyədək 8 min nəfərdən artıq keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura qayıtması göstərir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin icrası sürətlə davam edir.
Xüsusilə qeyd edilməlidir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın özünün daxili imkanları hesabına yenidən qurulur. İndiyədək bu məqsədlər üçün 17,5 milyard manatın ayrılması dövlətimizin iqtisadi gücünün, Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin göstəricisidir.
Azad edilmiş ərazilərin iqtisadi potensialı hərəkətə gətirilir
Möhtərəm Prezidentimizin yaratdığı bu reallıqları isə heç bir qüvvə dəyişə bilməz. Vətən müharibəsindən ötən dövrün reallıqları da bunu təsdiq edir. Bu reallıqların ən böyük nümunəsi isə 2023-cü ilin antiterror tədbirlərində bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunması, Qarabağdakı erməni separatizminə son qoyulması, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bu baxımdan Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də 200 illik erməni separatizminə son qoymuş bir sərkərdədir.
Azərbaycanın bütün bölgələri kimi Qarabağ və Şərqi Zəngəzurun da böyük iqtisadi potensialı var. Böyük məmnunluqla qeyd etməliyik ki, işğaldan azad edilmiş bərpası prosesində bu bölgələrin iqtisadiyyatının dirçəldilməsi, geri dönən əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə istehsal və xidmət sahələrinin yaradılması prioritet vəzifələr kimi müəyyən edilmişdir. İndiyə kimi bu məqsədlə Ağdam Sənaye Parkının, Laçın Aqro və Sənaye Parkı Parkının, Zəngilanda “Dost Aqropark”ın və digər bu qəbildən olan iqtisadi fəaliyyət sahələrinin yaradılması təsdiq edir ki, azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi, Qarabağ və Şərqi Zəngəzurun respublikamızın iqtisadiyyatına inteqrasiya olunması ilə bağlı işlər sürətli və səmərəlidir.
Bu sahədə həyata keçirilən mühüm layihələrdən biri də Cəbrayıl rayonu ərazisində Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasıdır.
Öncə onu qeyd edim ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da onun fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Çünki logistik imkanlar baxımından əlverişli ərazidə yerləşmə investorların marağını cəlb edən əsas məqamdır. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Şərqi Zəngəzurda iqtisadi inkişafın təmin edilməsi yönündə verilən düzgün qərardır.
200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”
Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri,
topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük,
yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri
məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti
üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri,
metal konstruksiya istehsalı müəssisələrinin yaradılması nəzərdə
tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının
qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları
istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik
müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və
xidmət sahələrinin yaradılması planlaşdırılır.
Bu gün cənab Prezident tərəfindən “Araz Vadisi İqtisadi Zonası”
Sənaye Parkının yaradılması barədə Fərmanın imzalanmasının 3 ili
tamam olur. 3 il böyük zaman kəsiyi deyil. Amma bu qısa dövrdə
Sənaye Parkının ərsəyə gətirilməsi və burada rezidentlər tərəfindən
xidmət və istehsal sahələrinin fəaliyyətə başlaması istiqamətində
xeyli iş görülmüşdür.
Hazırda Sənaye Parkının əsas rezidentlərindən biri “Avto Lizinq Azərbaycan” MMC tərəfindən yaradılan texniki servis mərkəzidir. Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə aparılan dinamik bərpa və quruculuq prosesi texniki xidmətlərə tələbatı da artırmışdır. Bu baxımdan yük avtomobilləri, habelə kənd təsərrüfatı texnikalarına xidmət məqsədilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında belə bir servis mərkəzinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Servis mərkəzinin təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş, yaradılması üçün qısa müddətdə intensiv işlər görülmüşdür. 2023-cü il iyunun 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə servis mərkəziin açılışı olmuşdur. 3 hektarlıq ərazini əhatə edən servis mərkəzində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına peşəkar xidmət göstərilməsi üçün hər bir texniki imkan vardır.
Ötən il “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməlləri qoyulmuşdur. Bunlar təsdiq edir ki, Sənaye Parkı respublikamızın biznes dairələrinin maraq dairəsindədir.
*
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında qazandığımız zəfərlər bu gün quruculuq və diplomatiya sferalarında uğurla davam etdirilməkdədir. Belə ki, Azərbaycanın üstün mövqeyi ilə aparılan sülh danışıqları prosesi, Qarabağ və Şərqi Zəngəzurdakı sürətli bərpa və quruculuq işləri bir daha Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və müdrik siyasətini və Azərbaycanın qalibiyyətini bütün dünyaya nümayiş etdirir. Əminik ki, ərazi bütövlüyünün bərpasından sonra tarixinin və inkişafının yeni mərhələsinə qədər qoyan respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş və şərəf salnaməsi yazılacaq.
Xanlar Fətiyev
Millət Vəkili