Bakı. Trend:
Azərbaycan Milli Məclisinin deputatı, Dünya Parlamentlərinin Beynəlxalq İttifaqının (IPU) vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Sevil Mikayılova dünya parlamentlərində gender bərabərliyi ilə əlaqədar mövcud vəziyyət barədə məruzə ilə çıxış edib. Xatırladaq ki, Sevil Mikayılova IPU-nun 148-ci Assambleyasında dünya parlamentlərində gender balansı ilə bağlı vəziyyətə nəzarət etməli olan 4 nəfərdən ibarət xüsusi işçi qrupuna üzv, eləcə də, bu məsələ üzrə məruzəçi seçilib.
Assambleya çərçivəsində keçirilən Ümumdünya Qadınlar Forumunun 38-ci sessiyasında S.Mikaylovanın Gender Bərabərliyi Qrupunun üzvü kimi məruzəsi təqdim olunub.
Deputat çıxışında qeyd edib ki, bu Assambleyada qadınların fəal iştirakı gözlənilir.
"Burada, Cenevrədə elan edilən nümayəndələrin 36,4 faizi qadınlardır. Bu, əvvəlki dörd Assambleyadan daha yaxşıdır, lakin hələ də 2022-ci ildə Nusa Dua (İndoneziya) və 2021-ci ildə Madriddə əldə etdiyimiz rekord 39 faizdən aşağıdır. Bilirik ki,daha yaxşısına nail ola bilərik", - deyə S.Mikayılova qeyd edib.
O, həmçinin, vurğulayıb ki, bu dəfə bütünlüklə kişilərdən ibarət nümayəndə heyətlərinin sayının rekord dərəcədə aşağı olması və gender baxımından balanslaşdırılmış nümayəndə heyətlərinin rekord sayda olması gözlənilir.
"Ən azı iki üzvdən ibarət elan edilmiş nümayəndə heyətləri arasında yalnız beşinin hamısının kişi, ikisinin isə tamamilə qadın olacağı güman edilir. Bu, son 10 Assambleyada iki və ya daha çox üzvdən ibarət eynicinsli nümayəndə heyətlərinin ən aşağı sayıdır", - deputat qeyd edib.
S.Mikayılova Assambleya iştirakçılarına Bakıda keçiriləcək COP29 konfransı haqqında da məlumat verib.
"Üzləşdiyimiz iqlim dəyişikliyi problemlərini həll etmək üçün müxtəlif ölkələrin nümayəndələrini Azərbaycanın paytaxtı Bakıda bir araya gətirəcək bu mötəbər tədbirə çox az vaxt qalıb", - deyə S.Mikayılova əlavə edib.
Tədbirin açılış mərasimində IPU-nun baş katibi Martin Çunqonq və təşkilatın prezidenti Tulia Akson da çıxış ediblər.