Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında qeyd edib.
"1991-ci ilin 18 Oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.