Bakı. Trend:
Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlü iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır:
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yeni mərhələdə olduqca vacib siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışlar meydana çıxıb.
Bunlardan biri də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilmiş və hazırda müvəffəqiyyətlə icra olunmaqdadır.
Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir".