Bakı. Trend:
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Orada olan mədəni-tarixi irsimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar hələ də bu vandalizmə səssiz qalırlar.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir.
“Bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır və azərbaycanlılar dədə-baba yurdları olan Qərbi Zəngəzurda, Göyçə mahalında, İrəvanda, ümumiyyətlə, hazırda Ermənistanın qurulduğu, mövcud olduğu ərazilərdə yaşayıblar. Xalqımızın həmin ərazilərdə min illər ərzində yaratdığı zəngin mədəni-tarixi irsi mövcud olub. Təəssüflər olsun ki, xalqımız tarixin müxtəlif mərhələlərində həmin ərazilərdən zorla çıxarıldıqdan sonra mədəni irsimizə qarşı da vandalizm törədilib və dağıdılıb. Bu gün Ermənistan xalqımıza məxsus tarixi-mədəni irslə bağlı vəziyyətin beynəlxalq təşkilatlar tərəfindən monitorinqinə imkan vermir.
Bu ədalətsizliyə son qoyulmalıdır və beynəlxalq təşkilatlar Azərbaycan xalqının məhv edilən milli-mədəni, tarixi irsinə biganə qalmamalıdır”, - o əlavə edib.
A.Həsənova qeyd edib ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi və insani haqqıdır:
“Biz hər birimiz bu istiqamətdə əlimizdən gələni etməli və soydaşlarımızın bu hüquqlarının təmin edilməsinə nail olmalıyıq. Ermənistan hər zamankı kimi qeyri-konstruktiv mövqe nümayiş etdirərək bu məsələdən imtina edir. Beynəlxalq ictimaiyyət soydaşlarımızın dinc şəkildə öz ata-baba yurdlarına qayıtmasına dəstək nümayiş etdirməlidir.
İnanıram ki, Qərbi Azərbaycan məsələsində də ədaləti bərpa etməyə və soydaşlarımızın tarixi torpaqlarımıza geri dönməsinə nail olacağıq”.