Bakı. Trend:
Türkiyə, Azərbaycan, Özbəkistan arasında III üçtərəfli görüş Azərbaycanda keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada baş tutan Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.
H.Fidan bildirib ki, Türkiyə, Azərbaycan, Özbəkistan münasibətləri yüksək səviyyədədir.
"Bölgənin rifahını bu üçtərəfli görüşlər vasitəsilə artıracağıq. Bu formatda üçtərəfli görüşə növbəti dəfə Azərbaycan ev sahibliyi edəcək. Ümid edirik ki, bu gün ev sahibliyi etdiyimiz görüşdə aldığımız qərarların uğurlu nəticələri olacaq", - o qeyd edib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilib.