...

Son otuz ildə dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib - Bahar Muradova (FOTO)

Siyasət Materials 12 Mart 2025 11:24 (UTC +04:00)
Son otuz ildə dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib - Bahar Muradova (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son otuz il ərzində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması əsasında dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib.

Trend xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında çıxışı zamanı deyib.

O, ötən il Bakıda keçirilən COP29 çərçivəsində ilk dəfə “Gender Günü” keçirildiyini, eləcə də yekdil qərar ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramının qəbul edildiyini söyləyib. Ölkəmizdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə milli institusional mexanizmlərdən söz açan sədr, Azərbaycanda institusional və vətəndaş cəmiyyəti təşkilatlarının koordinasiyalı səyləri sayəsində qadın hüquqlarının müdafiəsində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini qeyd edib.

Çıxış zamanı məişət zorakılığı, uşaq evlilikləri, qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə yeni tənzimləyici normalar daxil edildiyi diqqətə çatdırılıb, qadınların və gənc qızların təhsil imkanlarının genişləndirilməsi, eləcə də siyasi iştirakının və qərar qəbuletmə orqanlarında təmsilçiliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, bəşəriyyətə qarşı ən böyük zorakılıq ədalətsiz müharibələrdən, işğaldan, etnik təmizləmə aktlarından qaynaqlanır.

Bahar Muradova əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, onilliklər boyu davam edən işğalın dağıdıcı nəticələri mülki əhaliyə təsir etməkdə davam edir:

“Bu mötəbər kürsüdən xüsusilə vurğulamaq istərdim ki, belə halların təkrar olunmaması üçün bütün dünya ölkələri sülh üçün səylərini artırmalı və cinayətkarları cəzalandırmaq üçün çalışmalıdırlar”.

Qeyd edək ki, Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının icrası və qiymətləndirilməsinə həsr olunmuş Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında iştirak edir. Sessiya çərçivəsində B.Muradovanın Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Konts, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) sədri Nahla Haidar, eləcə də Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi naziri Tatyana Makura ilə görüşləri keçirilib. Görüşlərdə tərəflər arasında müvafiq sahədə əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti