Bakı. Trend:
Cənubi Qafqaz regionunda baş verən sürətli geosiyasi dəyişikliklər fonunda bir çox beynəlxalq təşəbbüs öz aktuallığını itirməkdədir. Bu təşəbbüslərdən biri də Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi müşahidə missiyasıdır. Əvvəldən mübahisəli məqsədlərlə formalaşdırılan bu strukturun artıq bölgədə heç bir funksional rolu qalmayıb və onun fəaliyyəti bu gün həm regional sülh prosesinə maneə, həm də beynəlxalq hüququn ruhuna zidd bir alətə çevrilib.
2023-cü ilin əvvəlində Avropa İttifaqı Ermənistanda mülki müşahidə missiyası yerləşdirdi. Rəsmi versiyaya görə, missiyanın məqsədi Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin etmək və gərginliyin azaldılmasına töhfə vermək idi. Lakin bu təşəbbüs, əslində, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gündəmə gətirildi və missiyanın arxasında dayanan əsas hədəflər geosiyasi xarakter daşıyırdı. Belə ki, Aİ-nin və xüsusilə Fransanın bölgədəki hərbi-siyasi mövqelərini gücləndirmək, Azərbaycan-Ermənistan münasibətlərində süni gərginliklər yaratmaqla Qərbin vasitəçiliyini labüd etmək idi.
Beləliklə, missiyanın “sülhə töhfə” adı altında başladılan fəaliyyəti, əslində, Qərbin, daha dəqiq desək, Fransanın bölgədə öz maraqlarını həyata keçirmək üçün seçdiyi hibrid vasitə idi.
Lakin Avropa İttifaqının Ermənistandakı missiyası gözlənilən təsiri yarada bilmədi. Bunun bir neçə əsas səbəbi var:
Tərəflər arasında sülh gündəliyinin formalaşması. 2024-cü ildən etibarən Azərbaycan və Ermənistan arasında birbaşa dialoqlar intensivləşdi. Sərhədlərin delimitasiyası üzrə ilkin razılaşmalar əldə olundu, qarşılıqlı etimad tədbirləri gücləndirildi. Bu proseslər göstərdi ki, regional sülhün əsası xarici vasitəçilərlə deyil, iki ölkənin suveren qərarları ilə qoyulmalıdır.
Aİ missiyasının birtərəfli mövqeyi ilə seçildi. Müşahidə missiyası fəaliyyətində qərəzli davranışlar nümayiş etdirdi. Ermənistanın silahlandırılması, Avropa Parlamentində Azərbaycana qarşı çıxarılan qətnamələr və Fransa rəsmilərinin təxribatçı bəyanatları missiyanın neytrallığını sual altına aldı. Bu vəziyyət missiyanın legitimliyini ciddi şəkildə zədələdi.
Aİ-nin Ermənistan missiyası Emmanuel Makronun siyasi təşəbbüsü kimi təqdim edilirdi. Fransa prezidenti Ermənistanı “xristian həmrəyliyi” çərçivəsində müdafiə etdiyini bəyan etsə də, onun bu siyasəti balanssız və qeyri-real yanaşma kimi yadda qaldı.
Nəticədə, Fransa yalnız Azərbaycanın deyil, regionun digər güclərinin də etimadını itirdi və vasitəçilik missiyasından kənarlaşdırıldı. Makronun Cənubi Qafqaz siyasəti həm diplomatik, həm də strateji baxımdan iflasa uğradı.
Hazırda bölgədə yaranmış real vəziyyət onu göstərir ki, Aİ missiyası sadəcə formal xarakter daşıyır. Azərbaycan və Ermənistan arasında gedən birbaşa danışıqlar, sərhəd məsələlərinin razılaşdırılması, kommunikasiya xətlərinin açılması və qarşılıqlı inamın qurulması fonunda bu missiyanın fəaliyyəti həm mənasız, həm də arzuolunmazdır.
Buna görə də missiya ləğv edilməlidir.
Aİ Ermənistandakı missiyası, əslində, xarici müdaxilələrin regionda sabitlik yaratmaq əvəzinə, mövcud gərginliyi daha da dərinləşdirdiyini bir daha sübut etdi. Azərbaycan və Ermənistan arasında formalaşan yeni reallıqlar fonunda bu missiya artıq öz funksional əhəmiyyətini itirib.
Bu gün sülhə gedən yol Brüsseldən, Parisdən və ya Vaşinqtondan yox, Bakı ilə İrəvandan keçir. Beynəlxalq qurumlar bu prosesi dəstəkləmək istəyirlərsə, birtərəfli alətlərdən və maraq güdən təşəbbüslərdən imtina etməlidirlər. Aİ missiyası isə bu yanaşmaya tam zidd olduğu üçün dayandırılmalı və regionun sülh gündəliyinə süni təsirlərə birdəfəlik son verilməlidir.