Bakı. Trend:
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri, iki ölkə arasında uzun illər boyu formalaşan əməkdaşlıq ənənələrinin məntiqi davamı olmaqla yanaşı, bu münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəldən tarixi bir hadisədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, səfər çərçivəsində dövlət başçıları və
hökumət nümayəndələri arasında keçirilən görüşlər, imzalanan mühüm
sənədlər, qarşılıqlı etimadın və siyasi iradənin ən yüksək
səviyyədə olduğunu nümayiş etdirdi:
“Vaşinqton səfəri təkcə ikitərəfli əlaqələrin möhkəmlənməsi
baxımından deyil, həm də regionun siyasi və iqtisadi həyatına təsir
göstərə biləcək qərarların qəbul olunması ilə yadda qalacaq.
Bu səfərin ən mühüm nəticələrindən biri, 1992-ci ildə – Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi dövrdə tətbiq olunan və ölkəmizə qarşı ədalətsiz məhdudiyyətlər yaradan 907-ci düzəlişin ləğvi oldu. 33 ildən sonra baş verən bu tarixi qərar, Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin, siyasi ardıcıllığının və beynəlxalq nüfuzunun göstəricisidir”.
A.Həsənova bildirib ki, yeni strateji tərəfdaşlıq formatı təkcə
siyasi dialoqla məhdudlaşmır: “Bu tərəfdaşlıq qarşılıqlı
investisiyaların təşviqi, ticarət həcminin artırılması, yüksək
texnologiyalar, süni intellekt, rabitə və tranzit layihələri,
enerji təhlükəsizliyi, müdafiə sənayesi, eləcə də terrorçuluğa
qarşı mübarizə kimi bir çox sahələri əhatə edir. Bu istiqamətlərin
hər biri həm Azərbaycan, həm də ABŞ üçün qarşılıqlı fayda və
uzunmüddətli perspektiv vəd edir”.
Deputat qeyd edib ki, səfər çərçivəsində diqqət çəkən məqamlardan
biri də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən
görüşü oldu: “Tərəflərin imzaladığı birgə bəyanat, regionda
uzunmüddətli sülhün təmin olunması və sülh müqaviləsinin
imzalanmasına aparan yolun açılması baxımından əhəmiyyətli
addımdır.
Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma, Cənubi
Qafqazda qarşılıqlı əməkdaşlıq və etimad mühitinin yaranması üçün
yeni imkanlar açır. Bu sənəd, həm region ölkələrinin sabit
inkişafı, həm də beynəlxalq təhlükəsizlik üçün strateji əhəmiyyət
daşıyır.”
A.Həsənova vurğulayıb ki, ABŞ-la strateji tərəfdaşlıq formatına keçid, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, iqtisadi diversifikasiya prosesinin sürətlənməsinə və yeni texnoloji imkanların ölkəyə gətirilməsinə təkan verəcək:
“Enerji və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq isə ölkəmizin qlobal enerji təhlükəsizliyi sistemində rolunu daha da gücləndirəcək.
Vaşinqton səfəri, həm diplomatik, həm siyasi, həm də iqtisadi baxımdan, Azərbaycan üçün yeni imkanlar dövrünün başlanğıcı kimi tarixə düşəcək”