Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin konseptual əsaslarının formalaşdığı, milli maraqlara söykənən praqmatik idarəçilik modelinin bərqərar olduğu bir dövr kimi xarakterizə olunur. Bu dövr təkcə siyasi rəhbərlik mərhələsi deyil, eyni zamanda dövlətin suverenliyinin tam bərpa edildiyi, beynəlxalq nüfuzunun yüksəldiyi və sosial-iqtisadi inkişafın sistemli xarakter aldığı yeni tarixi mərhələdir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir:
“İlk dəfə olaraq seçkilərinin ölkənin bütün ərazilərində, o cümlədən Xankəndidə keçirilməsi dövlət suverenliyinin real və hüquqi baxımdan tam bərqərar olunduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi isə yalnız siyasi jest deyil, separatizmin qəti şəkildə tarixə qovuşmasının simvolu kimi dəyərləndirilir.
Seçkilərin yüksək iştirakçılıq və beynəlxalq müşahidə şəraitində baş tutması, Prezident İlham Əliyevin 92 faizdən artıq səs toplaması ictimai-siyasi legitimliyin güclü ictimai dayaqlara söykəndiyini göstərdi”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi sistemində təkamül yolu ilə islahatlar həyata keçirilmiş, siyasi dialoq və çoxtərəfli əməkdaşlıq mühiti formalaşdırılmışdır:
“Müxalif siyasi partiyaların parlamentdə təmsil olunması, yeni “Siyasi partiyalar haqqında” qanunun qəbulu, dövlət maliyyə dəstəyinin artırılması və siyasi institutların fəaliyyətinin liberallaşdırılması ölkədə siyasi mədəniyyətin yeni mərhələyə keçdiyini təsdiqləyir.
Bu model kəskin qarşıdurmaya deyil, milli maraqlar ətrafında konsensusun formalaşdırılmasına əsaslanır ki, bu da postmünaqişə və postpandemiya dövründə dövlət dayanıqlığı baxımından mühüm amildir”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu milli maraqlara əsaslanan, lakin qlobal məsuliyyəti də nəzərə alan praqmatik diplomatiya nümunəsidir:
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, Qoşulmama Hərəkatına sədrliyi, COP29-a ev sahibliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində artan fəallığı ölkənin regional aktordan qlobal gündəmin iştirakçısına çevrildiyini göstərir.
Xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilməsi regional təhlükəsizlik və geosiyasi sabitlik baxımından strateji əhəmiyyət daşıyır”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyev dövrünün əsas xüsusiyyətlərindən biri iqtisadi artımın sosial rifaha transformasiyasıdır:
“Qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri, sosial proqramlar, ünvanlı dövlət yardımları və insan kapitalına yönəlmiş siyasət nəticəsində makroiqtisadi sabitlik və sosial dayanıqlıq təmin olunmuşdur.
“Azərbaycan-2030” Milli Prioritetləri çərçivəsində həyata keçirilən islahatlar iqtisadiyyatın innovasiya əsaslı inkişafını, yaşıl enerji keçidini və dayanıqlı rifah modelinin formalaşdırılmasını hədəfləyir”.
Deputat vurğulayıb ki, əfv və amnistiya təşəbbüsləri, gənclərə və şəhid ailələrinə yönəlmiş sosial siyasət, tolerantlıq və multikulturalizm sahəsində beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində humanist dəyərlərin mərkəzi yer tutduğunu göstərir:
“Bu siyasət yalnız bugünü deyil, gələcək nəsillərin təhlükəsiz və firavan Azərbaycanda yaşamasını təmin etməyə yönəlmiş strateji baxışın tərkib hissəsidir.
Suverenlik, inkişaf, beynəlxalq nüfuz və milli birlik bu siyasətin əsas sütunlarıdır. Bu baxımdan Prezident İlham Əliyev dövrü Azərbaycanın tarixində təkcə qalibiyyət mərhələsi deyil, eyni zamanda uzunmüddətli dövlətçilik modelinin formalaşdığı mərhələ kimi qiymətləndirilə bilər”.
