...

Azərbaycan bütün öhdəliklərə sadiqdir – 2005-ci ildə İranla imzalanan sazişdə nə qeyd olunur?

Siyasət Materials 2 Fevral 2026 12:08 (UTC +04:00)
Azərbaycan bütün öhdəliklərə sadiqdir – 2005-ci ildə İranla imzalanan sazişdə nə qeyd olunur?
Sərdar Amin
Sərdar Amin
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətlərarası strateji məsələlər mühüm sənədlər, sazişlərlə tənzimlənir. Sazişlərə sadiqlik isə ölkələrin, hökumətlərin öz coğrafiyasında möhkəmlənməsinin, digər ölkə və ittifaqların gələcək münasibətlərin güclənməsinin, iqtisadi-siyasi əməkdaşlıqlar üçün perspektiv yaratmasının başlıca göstəricisidir. Təbii ki, müqavilələrə, sənədlərə, sazişlərə, razılıqlara sadiqlik təkcə qarşı tərəfə görə deyil, dövlətin öz imicinə və gələcəyinə görə qorunmalı olan sədaqətdir.

Azərbaycanın tarix üçün çox da uzun olmayan bir müddətdə region və dünya ölkələri arasında etibarlı, dayanıqlı imic qazanmasının əsas səbəblərindən biri də dövlət olaraq atdığı addımlara, bağladığı müqavilələrə və sazişlərə xüsusi diqqət və prinsiplə sədaqət nümayiş etdirməsidir.

Son bir qərinə ərzində dünyada və lokal coğrafiyamızda baş verən ziddiyyətlər fonunda sözügedən prinsipləri qorumaq heç də asan olmasa da, Azərbaycanın siyasi-iqtisadi prinsiplərindən yayınmayaraq özünəxas dürüstlük nümayiş etdirməyi bacarıb.

2005-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə etimad da qazanılan etibarlı tərəfdaş imicinin konseptual əsaslarından biridir.

Həmin sazişə əsasən, Azərbaycan Respublikası və İran İslam Respublikası öhdəlik götürürlər ki, öz ərazilərini, hava məkanını və infrastrukturunu qarşı tərəfin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə zərər vura biləcək hər hansı fəaliyyət üçün istifadə olunmasına yol verməyəcəklər.

2026-cı il yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı zamanı Prezident İlham Əliyev ölkələrimiz arasındakı dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərini önə çəkərək bölgədə yaranmış vəziyyətdən narahatlığını ifadə edib.

Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

29 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında baş tutan telefon danışığı zamanı da məhz bu sazişdən doğan öhdəliklər xatırlanıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı iranlı həmkarına bildirib ki, ölkəmiz mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu düşünür.

Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycan uzun illərdir yürütdüyü praqmatik xarici siyasətə, mehriban qonşuluq prinsiplərinə daim sadiqdir. Ölkəmiz bundan sonra da dünyada, eləcə də bölgədə sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün bütün imkanlarından istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti