...

HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU SEÇKİQABAĞI VƏZİYYƏTİN TƏHLİLİNİ MÜZAKİRƏYƏ ÇIXARIB

Siyasət Materials 6 İyul 2005 15:30 (UTC +04:00)

"Parlament - 2005" Hüquqşünasların Seçki Bloku iyulun 6-da Beynəlxalq Mətbuat Mərkəzində ölkədə seçkiqabağı vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirib.

Trend in məlumatına görə, toplantıda sərbəst toplaşmaq azadlığının vəziyyəti, Seçki Məcəlləsinə sonuncu əlavə və dəyişikliklər, blokun bu sahədə təklifləri, həmçinin blokun simvolları barədə müzakirələr aparılıb, məruzələr dinlənilib.

Seçki blokunun üzvü Ənnağı Hacıbəyli bildirib ki,qanunvericiliyə görə hüquqşünasların seçki bloku namizəd irəli sürə bilməz. Buna görə də blok yalnız seçki mühitinin demokratikləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək, namizədlərin dəstəklənməsinə, onların təbliğat kampaniyasına yardım göstərəcək.

Blokun digər üzvü Müzəffər Baxışov ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququnun təmin olunmasına dair vəziyyət haqqında məruzə edib.

O bildirib ki, "Parlament - 2005" Hüquqşünasların Seçki Bloku seçki ərəfəsində ictimai-siyasi qüvvələrin keçirdiyi kütləvi aksiyaların monitorinqini aparır. Məruzəçi mayın 21-də, iyunun 4-də, 15-də, 18-də və 25-də Bakıda keçirilən yürüş-mitinqlərin monitorinqinin nəticələri barədə məlumat verib.

İyunun 15-də keçirilən Yeni Azərbaycan Partiyasının tədbiri istisna olmaqla, digər tarixlərdə müxalifət partiyalarının aksiyalarında bir neçə qanun pozuntusuna yol verildiyini, polislərin aksiyalara müdaxilə etdiyini, icazəli olmasına baxmayaraq, mitinq iştirakçıları ilə polislər arasında bəzi xırda insidentlər yarandığını diqqətə çatdırıb.

Hüquqşünaslar bloku özünün simvolunu da təqdim edib. "Parlament - 2005" Hüquqşünasların Seçki Bloku" adlı yazının yuxarı hissəsində Azərbaycanın bayrağı həkk olunmuş blank seçkidə bu blokun istifadə edəcəyi təbliğat materiallarından biri olacaq.

Xəbər lenti

Xəbər lenti