Pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən yeni qanun layihəsi prezidentin icra aparatının müzakirəsinə verilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun Trend ə eksklüziv olaraq bildirdiyinə görə, bu qanun Milli Məclis tərəfindən cari ildə qəbul oluna bilər.
Onun sözlərinə görə, yeni qanunda işləyən pensiyaçılara 100% baza pensiyasının verilməsi nəzərdə tutulur.
"Pensiyanın sığorta payı şəxslərin pensiyaya çıxmasından sonra toplanacaq. Həmçinin, onların pensiya yaşlarında işlədikləri müddət də nəzərə alınacaq. Qanunun ilkin layihəsində 12 il, yəni 144 ay baza müddəti kimi götürülüb. Belə olduqda, işləyən pensiyaçılar əmək fəaliyyətlərini dayandırdıqdan sonra onlar üçün iş müddəti həmin 144 aydan çıxılacaq", - deyə S.Müslümov qeyd edib.
O, həmçinin bildirib ki, sığorta payı şəxsin pensiya yaşından sonra işlədiyi müddət əsas götürülərək hesablanacaq.