"Gənc Azərbaycan-Yeni adlar" Seçki Bloku irəli sürdüyü və dəstəklədiyi namizədlərin siyahısını açıqlayıb. Trend in məlumatına görə, blokun qeydiyyata alınan 7 nəfər namizədi var, 3 nəfər bitərəf namizədin isə dəstəklənməsinə qərar verilib. "Gənc Azərbaycan-Yeni adlar" Seçki Bloku seçkidə ümumilikdə 10 nəfər namizədi dəstəkləyir.
Blokdan bildirilb ki, onların namizədləri seçiciləri ilə görüşlər keçirib öz platformalarını açıqlayıblar. Blok üzvləri eyni zamanda seçki prosesinin şəffaflığı və seçkilərin demokratikliyinə əngəl törədən faktları ictimaiyyətin nəzərinə çatdırmaqla, bu problemlərin aradan qaldırılmasına çalışacaqlarını bildiriblər. Onların fikrincə, əsas problemlərdən biri bəzi seçki dairələrində maliyyə imkanları çox olan və əhaliyə pul təklif edən namizədlərin seçkinin sağlam rəqabət şəraitində aparılmasına imkan verməməsidir.
Digər qisim neqativ hallar prezidentin 11 may tarixli sərəncamının bütün icra strukturları tərəfindən həyata keçirilməməsi, dövlət vəzifələrində çalışan məmurların seçki prosesinə müdaxiləsidir. Seçki günü vətəndaşların səsverməsini əngəlləyən səbəblər isə şəxsiyyət vəsiqələrinin hələ də bütün əhaliyə paylanmamasıdır.