Bu il keçiriləcək parlament seçkilərini müşahidə edəcək yerli müşahidəçilərin sayı 3 minə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, seçki gününə qədər qeydə alınan müşahidəçilərin sayı artacaq. Həmçinin xarici müşahidəçilər də ayrı-ayrı seçki dairələrində qeydiyyatdan keçirlər.
MDB ölkələrinin müşahidə missiyasının tərkibində təxminən 200-250 müşahidəçinin gəlməsi gözlənilir. ATƏT-in xətti ilə isə 500 nəfər müşahidəçinin seçkidə iştirakı nəzərdə tutulub. Digər beynəlxalq təşkilatların nümayəndələrinin, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının, həmçinin onların Mərkəzi Seçki Komissiyalarının da müşahidəçilər göndəcəyi planlaşdırılır.
Seçki günü "exit-poll"ları isə hər bir yerli və xarici təşkilat keçirə bilər. Azər Sarıyevin bildirdiyinə görə, Xankəndi seçki dairəsi üzrə də "exit-poll"ların keçirilməsi ilə bağlı müraciət olunsa, MSK bu məsələdə köməklik göstərməyə hazırdır. Xankəndi dairəsində müşahidəçilik və "exit-poll"lar digər seçki dairələrində olduğu kimi keçiriləcək.