...

Prezident İlham Əliyev "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" fərmana əlavə və dəyişikliklər edib

Siyasət Materials 29 Dekabr 2005 15:50 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2002-ci il 2 sentyabr tarixli prezident fərmanına əlavə və dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Trend xəbər verir ki, fərman Azərbaycanda avtonəqliyyat xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi mühitini yaxşılaşdırmaq, xidmət təqdim edənlərə bərabər şərait yaratmaq, ictimai tələbatı müasir tələblərə cavab verən səviyyədə ödəmək, sivil xidmətlər bazarını formalaşdırmaq, sui-istifadə hallarının qarşısını almaq və şəffaflığı təmin edən qaydaların tətbiqini təmin etmək məqsədilə imzalanan bu fərmana əsasən, "2002-ci il 2 sentyabr tarixli fərmanla təsdiq edilmiş əlavə № 2 - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"na aşağıdakı redaksiyada 35-ci bənd əlavə edilib: "Sıra №-si, fəaliyyət növünün adı, lisenziya verən icra hakimiyyəti orqanı, avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhə daxili sərnişin və yük daşınması, Nəqliyyat nazirliyi".

Müəyyən edilib ki, tətbiq edilən xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasının bir, bir neçə və ya bütün növlərinin həyata keçirilməsi üçün verilə bilər.

Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində bu fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin; Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşınmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin; qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Prezidentə təqdim etsin.

Bu Fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

Nəqliyyat nazirliyinə tapşırılıb ki, 2006-cı il iyulun 1-dən etibarən bu Fərmanın 1.1-ci bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə aidiyyəti dövlət orqanları ilə birlikdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görsün;

Bu fərmana müvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin;

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Naxçıvanda bu fərmanın qüvvəyə mindiyi gündən onun 1.2-ci bəndinə müvafiq olaraq xüsusi razılığın (lisenziyanın) verilməsini təmin etsin.

Yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərdən qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmayan ödənişlərin tutulmasını və hər hansı xüsusi icazə sistemlərinin tətbiq edilməsini təxirəsalmadan ləğv etsinlər.

Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti