...

ABŞ 2007-ci maliyyə ilində Azərbaycana 28 milyon dollar yardım ayırmaq istəyir

Siyasət Materials 7 Fevral 2006 14:34 (UTC +04:00)

Prezident Corc Buş 2007-ci maliyyə ilində xarici siyasətini həyata keçirmək üçün Konqresdən 35,1 milyard dollar vəsait istəyib. Trend "AzərTAc"-a istinadən xəbər verir ki, Dövlət Departamentinin açıqladığı büdcə layihəsinə görə, gələn il maliyyə tələb edəcək əsas siyasi məsələlər terrorla müharibədə qələbənin qazanılması, Əfqanıstan və İraqda ABŞ öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq QİÇS proqramlarının gerçəkləşməsi və Amerikanın təhlükəsizliyinin təmini olacaq.

Büdcədə Amerikanın antiterror koalisiyasındakı tərəfdaşlarına 6,2 milyard dollar, "Minilliyin Çağırışları" layihələrinə 3 milyard dollar, fəlakət və keçid mərhələsində olan dünya ölkələrinə, eləcə də qaçqın problemlərinə 1,3 milyard dollar yardım nəzərdə tutulub.

Sabiq Sovet İttifaqı respublikaları isə ABŞ-dan 441 milyon dollar yardım alacaqdır. Bu rəqəm son illər ərzində azalmaqda davam edir. ABŞ hökumətinin əsaslandığı budur ki, Rusiya və Qazaxıstanda neft gəlirləri hesabına artım baş verib.

Bu dinamika davam edəcəyi təqdirdə, 2009-cu ilədək Qazaxıstan və Ukrayna kimi dövlətlərə yardıma ehtiyac qalmayacaqdır. Rusiyada iqtisadi proqramlar isə 2006-cı ildə son dəfə olaraq maliyyələşmişdir. Bununla yanaşı, büdcə layihəsində Rusiyada və Mərkəzi Asiyada insan haqları sahəsində geriləmələrdən narahatlıq ifadə olunub.

Cənubi Qafqaz ölkələrinə gəldikdə, ABŞ yardımı öz ənənəvi nisbətini saxlayıb. Belə ki, Prezident Buş Gürcüstana 58 milyon, Ermənistana 50 milyon, Azərbaycana isə 28 milyon dollar yardım ayrılmasını istəyib. Hər üç ölkədə bu vəsait əsasən, siyasi və iqtisadi islahatların dəstəklənməsinə, təsisatların inkişafına, bölgədə təhlükəsizlik səylərinin möhkəmlənməsinə sərf ediləcəkdir. Büdcə layihəsində bildirilmişdir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan terrorla qlobal müharibədə və İraqda əməliyyatda əsas yardım göstərir, Amerika üçün strateji əhəmiyyət kəsb edir.

Gürcüstan və Ermənistana aid göstərilən rəqəmlər "Minilliyin Çağırışları" layihələri çərçivəsində bu ölkələrin aldığı yardıma əlavədir. Belə ki, Gürcüstan "Minilliyin Çağırışları" proqramları çərçivəsində infrastruktur və iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi üçün 295 milyon dollar alacaq.

Xarici siyasət büdcəsinin daha bir əhəmiyyətli hissəsi ABŞ maraqlarına ictimai diplomatiya vasitəsilə xarici dəstəyin qazanılması üçün sərf ediləcəkdir. Bu məqsədlərə Konqresdən 351 milyon dollar istənilibdir.

Xəbər lenti

Xəbər lenti