...

Araz Ağalarov: Uğurlu biznesin rəhni çox diqqət tələb edən, sistemli işdir

Siyasət Materials 14 Fevral 2006 12:18 (UTC +04:00)
Araz Ağalarov: Uğurlu biznesin rəhni çox diqqət tələb edən, sistemli işdir

Trend in "Krokus-İnterneşnl" şirkətinin prezidenti ilə müsahibəsi

- Araz İsgəndəroviç, Sizi ciddi və uğurlu biznesmen kimi tanıyırlar. Ötən il Sizin üçün necə keçdi və yaxın gələcək üçün hansı planlarınız var?

- Bizim əsas layihəmiz - ticarət-sərgi kompleksi "Krokus Siti"nin inkişafıdır. 2005-ci ildə 100 min kv.metrlik sahəsi olan ikinci sərgi pavilyonunun tikintisi başa çatdırıldı. Bu, "Krokus Ekspo"nu Rusiyada ən iri sərgi mərkəzi etdi və 2006-cı il üçün 1 mln.kv.metrdən artıq sahədə sərgi tədbirlərini həyata keçirməyə imkan verən iri həcmli proqramı formalaşdırmağa imkan verdi. Hesab edirik ki, bu, ötən ilin əsas nailiyyətlərindən biridir.
2006-cı ildə 300 min kv.metr sahəsi olan daha bir pavilyonun tikintisinə başlanılacaq. Sonra "Krokus Siti"nin ərazisində müasir mehmanxana tikiləcək. Yaxın gələcək üçün bizim əsas məqsədlərimizdən biri burada beynəlxalq səviyyəli texnoparkın yaradılmasıdır.

- Siz öz biznes strategiyanızı necə xarakterizə edərdiniz? Siz uğurun ənənəvi metodlarına üstünlük verirsiniz yoxsa Sizin öz fərdi yanaşmanız mövcuddur?

- Biz biznes quruculuğunda nəzəri deyil, praktiki mülahizələrə əsaslanırıq. Strategiyanı formalaşdırarkən əvvəlcə ümumi məqsədi formalaşdırırıq, sonra ona nail olmaq üçün konkret tapşırığı qoyuruq, tapşırığın reallaşdırılması prosesində ayrı-ayrı detallara və layihələrin özəl xüsusiyyətlərinə xüsusi diqqət ayırırıq. Bundan əlavə, hesab edirik ki, detallar nəzərdə tutulan layihələrin realizə olunmasının gedişində uğurun müəyyənedici amilidir. Və bizim təcrübəmiz bunu təsdiqləyir.

- Siz necə hesab edirsiniz, cənab Ağalarov üçün həyat biznesdəki uğurdan ibarətdir yoxsa biznes həyatınızın uğurudur?

- Biznesdə uğurun rəhni çox diqqət tələb edən, sistemli işdir. Biz hər gün məhz bununla məşğuluq. İşlədiyimiz bütün illər ərzində biz heç nəyi asan əldə etməmişik. Hər şeyə nail olmaq üçün çox ağır zəhmət çəkmək lazım gəlib. Öz həyatını konkret işə həsr edən adamların uğuru da bundadır.

- Siz öz biznesinizi Azərbaycan iqtisadiyyatının hansı sektorunda görürsünüz? Bu gün ölkəyə investisiya qoymaqla bağlı müəyyən planlarınız varmı?

- Əlbəttə, mən Azərbaycanla əlaqələri itirmirəm. Lakin bizim Moskvada cari planlarımız və layihələrimiz o qədər irimiqyaslıdır və elə nəhəng qüvvə sərf etməyi, vaxt və maliyyə tələb edir ki, hələlik Azərbaycanda iri investisiyalardan danışmaq mümkün deyil. İndiki anda bizim prioritetlərimiz belədir.

- Yaxın gələcəkdə Sizin tarixi vətəninizdə turizm kompleksi yaradılması ilə bağlı planlarınızın həyata keçirilməsi nə dərəcədə realdır?

- Demək lazımdır ki, Azərbaycan coğrafi və tarixi baxımdan turizm sənayesinin inkişafı üçün cəlbedici regiondur. Respublikanın sürətli iqtisadi irəliləyişi şübhəsiz ki, bu prosesi stimullaşdıracaq. Ola bilər ki, yaxın gələcəkdə biz onun fəal iştirakçısı olacağıq.

- Siz boş vaxtınızı necə keçirməyi xoşlayırsınız ? Öz hobbiniz haqqında danışın.

- Artıq dediyim kimi, layihələrimizin reallaşdırılması çoxlu vaxt və qüvvə sərf etməyi tələb edir. Bax, mən boş vaxtımı elə beləcə keçirirəm, işdə, həmçinin, şənbə və bazar günləri də daxil olmaqla. Nəzərdə tutulan planların həyata keçirilməsi eyni zamanda həm də mənim hobbimdir. Bu mənada deyə bilərəm ki, mən xoşbəxt adamam. Öz şəxsi maraqlarımı və həvəsimi işdə reallaşdırıram.

Xəbər lenti

Xəbər lenti