...

Məzahir Pənahov: Qanunsuzluğa yol verən komissiya üzvlərinə cinayət işi açılması təkrar seçkidə də tətbiq ediləcək

Siyasət Materials 22 Fevral 2006 18:26 (UTC +04:00)
Məzahir Pənahov: Qanunsuzluğa yol verən komissiya üzvlərinə cinayət işi açılması təkrar seçkidə də tətbiq ediləcək

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində də qanun pozuntusuna yol verən seçki dairələri və məntəqələri barəsində cinayət işi açılacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. O, bildirib ki, ötən il parlament seçkisində saxtakarlıqlara yol verdiyinə görə, barəsində cinayət işi açılmış seçki dairələrinin işi hələ davam etdirilir. M.Pənahov həmin tələblərin təkrar seçkidə də tətbiq ediləcəyini, MSK-nın seçki prosesinə çox ciddi yanaşdığını deyib: "Ölkə rəhbərinin də mövqeyi bundan ibarətdir ki, seçkilər yüksək səviyyədə, əvvəlkilərdən də yaxşı keçirilməlidir".

MSK sədri qeyd edib ki, təkrar parlament seçkiləri ilə həm yerli, həm də beynəlxalq qurumlar maraqlanır, seçkinin müşahidəsində iştirak etmək istəyirlər. Onun sözlərinə görə, MSK yerli və beynəlxalq qurumlarla əməkdaşlığa və müşahidəçilər üçün bütün şəraiti yaratmağa hazırdır: "Bizə artıq Respublikaçılar İnstitutunu müraciət edib, həmçinin ABŞ səfiri ilə bu məsələlərlə bağlı söhbətimiz olub. Avropa qurumları da seçkinin müşahidə etmək üçün gələcəklər və bizim dəvətimiz artıq onlara çatıb. Beynəlxalq təşkilatlardan kimlərin və nə vaxt gələcəyini isə bu qurumlar özləri müəyyən edəcəklər"-deyə MSK sədri qeyd edib.

Məzahir Pənahov təkrar seçkidə "exit-poll"ların keçiriləcəyini də deyib. Onun sözlərinə görə, bunun üçün artıq müraciət edən təşkilatlar var.

Xəbər lenti

Xəbər lenti