...

ADP daxilindəki fikir ayrılıqlarını müavinlərdən biri təsdiq, digəri inkar edir

Siyasət Materials 28 Mart 2006 19:04 (UTC +04:00)

"ADP daxilində fikir ayrılıqları var və mən bunu gizlətmirəm. Rəsul Quliyevin yeni təyinatları zamanı da bəzi partiyadaxili məsələlər nəzərə alınıb". Bu fikirləri Trend ə Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin ümumi məsələlər üzrə yeni təyin olunmuş müavini Yaqub Abbasov bildirib. Partiya sədri Rəsul Quliyevin onu müavin təyin etməsini gözlənizməz qərar kimi qarşılamadığını deyən Y.Abbasov qeyd edib ki, rəhbərliyə yeni təyinatlar cəmiyyətdəki və ADP-dəki pessimizmi aradan qaldırmaq üçün verilib.

Onun sözlərinə görə, ADP daxilindəki bir-birinə qarşı olan tərəflər atıq birləşməkdə və monolit gücə çevrilməkdədir. Y.Abbasov onu da deyib ki, R.Quliyevin yeni təyin etdiyi şəxslərə qarşı partiya daxilində yarana biləcək narazılıqar təkcə ADP-yə deyil, bütövlükdə müxalifətə ziyan vuracaq.

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə Y.Abbasovun bəzi fikirlərini təkzib edərək ADP-də fikir ayrılığı olmadığını deyib: "ADP daxilində fikir ayrılıqları yoxdur. Bəzi şəxslərin belə bəyanatları partiya daxilindəki nəzəri cəhətdən olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər"-deyə S.Cəlaloğlu vurğulayıb.

O, həmçinin R.Quliyevin yeni təyinatlarını ADP daxilindəki və S.Cəlaloğlu ilə özü arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə verməsi barədə deyilənləri də təkzib edib: "Partiyada müavinlik institutunu genişləndirmək, özünə yeni müavinlər təyin etmək sədrin səlahiyyətində olan məsələdir və Rəsul Quliyev də bu səlahiyyətindən istifadə edib. Mənimlə onun fikir ayrılığına gəldikdə isə, şəxsən mən Rəsul Quliyevlə əksər məsələlərdə eyni fikirdəyəm. Bəzi məsələlərlə bağlı fərqli düşünürük, bu da təbiidir. O, mənim kimi ölkədəki vəziyyəti dəqiq bilmir, mən də onun kimi xaricdən Azərbaycanı müşahidə edə bilmirəm".

Xəbər lenti

Xəbər lenti