Azərbaycanın işğal altında olan ərazilərində meşələrin qırılması Ermənistan tərəfindən bu ölkənin Azərbaycana qarşı həyata keçiridiyi təcavüzkar siyasətin əsil mahiyyətini bir daha təsdiqləyir. Trend in məlumatına görə, bu barədə Azərbaycanın Ekologiya və Təbii sərvətlər naziri Hüseyn Bağırov aprelin 7-də mətbuat konfransında bəyan edib. Yaxın vaxtlarda ictimaiyyətə, eləcə də xaricə təqdim olunmaq üçün bu məsələ ilə bağlı sənədlərin bir neçə dildə hazırlanması başa çatacaq.
Bu fəaliyətdən əlavə erməni tərəfi işğal olunmuş ərazilərdən keçən su hövzələrinin və çayların də çirkləndirilməsini həyata keçirir. "Bu, Ermənistanın dəfələrlə bəyan etdiyinin əksinə olaraq sivil mədəniyyətdən uzaq olduğunu göstərir", -deyə o bildirib.
Ermənistanın işğalı altında olan Zəngilan rayonundakı qoruq, eləcə də işğal altında olan digər ərazilərdəki ağaclar qırılır. Onlar İtaliyaya, Fransaya, Yunanıstana, İrana ixrac olunaraq müxtəlif məqsədlər üçün, eləcə də mebel və gəmi tikintisi üçün istifadə edilir.
Qoruqda bitən çinar ağacları "Azərbaycanın qırmızı kitabı"na düşüb. Onlar həmçinin, Erəmnistanın "Qırmızı kitabı"nda da var. Lakin Ermənistandakı qoruqlarda bir neçə çinar ağacı saxlanıldığı halda, Azərbaycanın işğal olunmuş ərazilərindəki həmin ağaclar vəhşicəsinə qırılır. Bu qoruğun ərazisində yaşı 1500 ilə çatan ağaclar var. 1974-cü ildə yaradılan qoruğun ərazisi o vaxt 117 ha təşkil edirdi. Lakin sonradan onun sahəsi 107 gektara qədər azaldılıb.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Azərbaycanın işğal altında olan ərazilərində ətraf mühitə və təbii ehtiyatlara vurulan dağıdıcı hərəkətlərin müəyyən edilməsi üzrə operativ mərkəz fəaliyyət göstərir. Mərkəz tərəfindən həmin ərazilərdə ətraf mühitə təsir üzrə 2 hesabat hazırlanıb. Bundan əlavə, fəaliyyət planı da hazırlanıb. Mərkəzin sərəncamında həmin ərazilərdə erməni tərəfinin ətraf mühitə və təbii ehtiyatlara vurduğu dağıdıcı təsiri təsdiqləyən çoxsaylı materiallar var.