...

Natiq Əliyev: Sumqayıtın sənaye müəssisələrində ciddi problemlər var

Siyasət Materials 12 Aprel 2006 13:31 (UTC +04:00)
Natiq Əliyev: Sumqayıtın sənaye müəssisələrində ciddi problemlər var

2005-ci ildə Azərbaycanın sənaye müəssisələrində $8,9 mlrd dəyərində məhsul istehsal olunub ki, bu da 2004-cü illə müqayisədə 33,5% çoxdur. 2005-ci ildə neft hasilatı 22,2 mln ton təşkil edib. Bu isə son 64 il ərzində rekord göstəricidir. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 12-də "Güclü sənaye potensialının yaradılmasında Sumqayıt müəssisələrinin rolu"na həsr olunmuş konfransda sənaye və energetika naziri Natiq Əliyev bəyan edib. Onun sözlərinə görə, 2006-cı ildə neft hasilatının həcmi 30,5 mln ton təşkil edəcək. "Azərbaycanın neft sektoruna artıq $15 mlrd sərmayə qoyulub. Bu il BTC bloru kəməri istismara veriləcək. Türkiyəyə qaz tədarükü layihəsi üzrə işlər isə 94% başa çatıb", - deyə o qeyd edib.

Nazir bildirib ki, hazırda Sumqayıtda sənaye müəssisələrinin bərpası, elektrik enerjisi və qazla təchizatı istiqamətində bir sıra işlər görülür. "Ancaq ciddi problemlər mövcuddur. Bu problemlər əsasən, müəssisələrin strukturunda, potensialdan tam istifadə olunmamasında, ölkənin daxili bazarının məhsulla təmin edilməsi üçün kifayət qədər sərmayənin yatırılmamasında nəzərə çarpır.

N.Əliyev qeyd edib ki, kimya müəssisələri Sumqayıtın əsasını təşkil edir. 1992-ci ildə Azərkimya DŞ yaradılıb. "Ancaq o vaxtdan bəri heç bir yenilik yoxdur, yəni müəssisədə bir dənə də yeni obyekt tikilməyib. Bir çox müəssisələr öz fəaliyyətlərini dayandırır və digərləri ilə rəqabət apara bilmir", - deyə o vurğulayıb.

Nazirlikdə olan məlumata görə, hazırda Azərbaycanda 2439 sənaye müəssisəsi fəaliyyət göstərir. Bunun 758-i dövlət, 1681-i qeyri-dövlət müəssisələridir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev bildirib ki, hazırda Sumqayıtda ağır və yüngül, kimya və energetika, o cümlədən qara və əlvan metallurgiya sənaye müuəssisələri fəaliyyət göstərir. "Ancaq əvvəllər ümumi sənaye istehsalında Sumqayıt müəssisələri 22%-lik göstəriciyə malik idisə, indi bu göstərici 3,5%-dək azalıb", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti