Milli Məclisin aprelin 25-də növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda üç məsələ müzakirəyə çıxarılıb. İlk məsələ - Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib.
Ə.Hüseynov bildirib ki, dövlət başçısı tərəfindən parlamentə Ali Məhkəmədə vakant hakim yerlərinə təyin olmaq üçün namizədlərin adları təqdim olunub. Komissiyanın sədri onu da bildirib ki, bu məsələ Məhkəmə-Hüquq Şurasında müzakirə olunub və namizədlər Ali Məhkəmənin hakimi vəzifələrinə layiq görülüblər. Beləliklə, səsvermə nəticəsində İlqar Qılıcov, Vəsatdin İbayev, Qürbət Əsgərov və Zakir Quliyev Ali Məhkəmənin hakimləri təyin olunublar.